Telefonun ekranını bir neçə dəfə aşağı, sonra isə yuxarı çəkdikdən sonra, yazdığı mesaja bir daha baxaraq öz-özünə – Axmaq! Ay axmaq! Bu nədir
axı yazıbsan?! – deyib, otaqda o başa bu başa addımlayıb, özünü danlayır və – Mesajı belə yox, gərək başqa cür yazardım! –
deyərək öz özünə danışırdı.
Ancaq artıq gec idi. Mesajın çatması haqqında
məlumat da gəlib çıxmışdı. Beynində fırlanan mesaj cümlələri arasına girən
Nübar xanımın səsi isə bu dəfə daha güclü və daha qəzəbli idi.
-
Gəlirəm! – Deyərək nəhayət ki, Eldar fikirlərindən ayrılaraq telefonu yatağına atıb, aşağı doğru addımladı.
Mətbəxə çatanda artıq Nübar xanımla, Məcid
bəy süfrə arxasında oturaraq onun gəlməsini gözləyirdilər. Atasını görən Eldar
gülümsəyərək ona yaxınlaşıb, uzun zaman görmədiyi Məcid bəyi qucaqladı. Məcid bəy
də gülümsəmə və qucaqlama ilə ona cavab verib – Necəsən? – dedi.
Başı ilə yaxşı olduğuna işarə etdikdən
sonra, hər ikisi də çox danışmayaraq masaya oturub, Nübar xanımın bişirdiyi yeməklərdən
dadmağa başladılar. Oğlunun gəlişi məqsədi ilə Nübar xanım onun ən sevdiyi yeməkləri
bişirmişdi. Eldar isə öz növbəsində masaya düzülən dovğaya, salatlara, şüyüdlü və üzərisinə toyuq qoyulmuş
plova baxaraq ev üçün bir neçə darıxma səbəblərindən daha birinin də nə olduğunu dərk edirdi.
Bir müddət adəti üzrə səssiz yemək yedikdən sonra – Necəsən? Dərslərin
necə oldu? – Məcid bəy hər zaman olduğu kimi sakit və təmkinli bir tərzdə
soruşdu.
-
Yaxşı. Hətta deyərdim ki, əla keçdi. –
Deyərək Eldar da bir qədər səs tonunu dəyişərək cavab verdi.
-
Bəs tələbəlik həyatı necədir? Maliklə
yola gedə bilirsən? – Məcid bəy üzündə kiçik bir gülümsəmə ilə soruşdu.
-
Malik? – Eldar da dodaq altı gülümsəmə ilə dedi. – Malikdir də sən onunla yola getməsən də, danışmaq istəməsən də
belə onsuz da o sənə yol tapacaq.
Nübar xanımla danışmaq hər zaman daha
rahat olsa da, Eldarın atası ilə münasibəti bir qədər fərqli idi. Onunla münasibətləri dost kimi olsa da, bu münasibət daha çox döyüşdə bir-birinə həyatlarını güvənən əsgərlə
zabitin münasibətini xatırladırdı. Məcid bəyin xasiyyətindəki ağırlıq, təmkinlik,
sakitlik Eldara heç zaman özünün tamamilə rahat hiss etməyə imkan vermirdi.
İxtisasca memar olan Məcid bəy, öz sahəsində
sayılıb seçilən adamlardan olaraq sadəliyini saxlasa da, eyni zamanda bir qədər
də qəribə insan idi. Heç zaman çox danışmaz, bir sözü deməmişdən qabaq dəfələrcə
düşünər, danışdığı zaman hisslərinə qapılmayaraq təmkinini qoruyar və ən əsası danışdığı insanın
gözünün içinə baxaraq düşündüyünü rahat deyə bilirdi.
Zahiri görünüşdən Eldar, elə atasına çəkmişdi.
Məcid bəy də hündür boylu, yaşının gənc olmamasına baxmayaraq, artıq çəkisiz, şux qamətli, tökülməmiş lakin seyrək ağarmış saçlı,
orta yaşlı bir kişi idi.
-
Çay içirsən? – Nübar xanım Məcid bəylə,
Eldarın söhbətindən sonra çökmüş qısa bir sakitliyə son qoyaraq soruşdu.
-
Yox, Maliklə görüşəcəm! Çayı onunla içəcəm! – Deyən Eldar,
süfrədən qalxaraq ikinci mərtəbədəki otağına doğru addımladı.
Otağa çatanda Malik artıq ona zəng edirdi
və o, telefonu qulağına yaxınlaşdıraraq – Alo. –dedi.
-
A kişi, haradasan? 60-cı dəfədir zəng
edirəm. Yenə harada yıxılıb yatırdın? – Telefonda Malikin səsi eşidildi.
-
İmkan versən yemək yeyirdim. Gördün
cavab vermirəm, bir on dəqiqə gözləyəsən bəlkə? – Eldar, Maliki cırnadan bir səs
tonu ilə cavab verdi.
-
Di yaxşı çox danışma! Gəlirsən? – Malik
əsəbi səslə dedi.
-
Hə, çıxıram. – Deyərək Eldar telefonu cibinə
qoyub, otaqdan çıxdı.
Eldar evin qapısından çıxaraq həyətə düşəndə hava artıq qaralmışdı.
Batmış günəşdən sonra göy üzündə artıq ay və onun ətrafı boyu səpələnən
ulduzlar da görünməyə başlamışdı. Göy üzünə baxaraq hələ uşaqlıqdan “Yay vaxtı
göy üzərində çoxlu ulduz olanda, növbəti günün çox isti olacağı” deyimini
xatırlayan Eldar, öz-özünə – Gərək sabah da bütün günü yatım. – deyərək gülümsədi.
Həyətin də dəmir qapısını açaraq çölə çıxdıqdan sonra o, həyətlərinin
hasarı boyu addımlayaraq Malik gilin evlərinə tərəf istiqamət aldı. Öz evlərinin
tininə yenicə çatmışdı ki, – Hara tələsirdin?
Yavaş-yavaş gələrdin. – deyən Maliki gördü.
-
Yaxşı, az şikayətlən! Dur gedək yaxşı bir çay içək. – Eldar gülümsəyərək dedi.
-
Hə, gedək! Maraqlı bir söhbət var, səninlə danışmalıyam! –
Deyərək oturduğu daşın üzərindən qalxan Malik Eldara yaxınlaşdı.
-
Mənim də sənə bir xəbərim var! Gərçi o
qədər də yaxşı deyil, amma yenə də. – Eldar sakit səslə dodağının altında mızıldandı və artıq ona çatan dostu ilə hər zaman getdikləri çayxanaya tərəf
istiqamət aldı.
Artıq on dəqiqə idi ki, onlar yanaşı yol getsələr də
bir-biri ilə danışmırdılar. Eldar ona hələ də cavab yazmayan Dənizi düşünərək bir qədər dərin
fikrə dalmışdı. Yeridikləri müddətdə isə bir neçə dəfə telefonunu açaraq mesajın
gəlib-gəlməməsini yoxlasa da heç bir şey görə bilməmişdi. Daldığı fikirlərdən bir qədər ayıldıqdan
sonra isə Malikin də danışmayaraq dayanmadan telefon ekranına zillənməsini
görüb, kürəyinə dostcasına əlinin içi ilə yüngül bir zərbə vurub – Nətərisən ey? – deyərək soruşdu.
Eldar hər zaman belə
etdiyi zaman, dostunun adəti üzrə - Bəlkə yıxıb, bir
təpik də vurasan? – deyəcəyini gözləsə də o, gözünü telefonunun ekranından
ayırmayaraq nəyisə oxuyurdu. O, ekranı gah yuxarı, gah aşağı sürüşdürür, kiçik barmaqları ilə
sürətli nə isə yazır və yenidən ekranı sürüşdürərək, hansısa yazıları oxumağa
davam edirdi. Arada bir isə xəbər saytlarına keçərək, nə isə axtarırdı. Heç zaman xəbərlərlə
maraqlanmayan Malikin bu halı Eldarı bir qədər təccübləndirsə də, ondan heç nə soruşmadı və artıq
işıqları görünməyə başlayan çayxanaya tərəf baxaraq addımlarını sürətləndirdi.
Çayxana iki mərtəbəli, birinci mərtəbəsində adi stol və stullar
düzülmüş, nərd və domino oynamaq üçün olan çayxana, ikinci mərtəbəsində isə
qarşılıqlı qoyulmuş yumşaq mebel və ortalarına qoyulmuş stoldan olan, daha
rahat çay evi idi. Qiymətlər fərqli olduğuna görə, buraya gələnlər adətən aşağı
mərtəbədə otursalar da, sakitliyi və rahatlığı sevənlər yuxarı mərtəbədə
oturmağa üstünlük verirdilər.
Eldar və Malik də digərləri kimi birinci mərtəbədə oturmağa üstünlük
verirdilər. Qiymətin ucuz olması ilə yanaşı, aşağıda oturmağın digər səbəbi
orada maraqlı hadisələrə, maraqlı söhətlərə rast gəlmək ehtimalının daha çox olması idi.
Nəhayət ki, girişə çataraq daha önə keçən
Eldar, üzərisinə “Qapını bağlayın. Kondisioner
işləyir” yazısı yapışdırılmış qapının dəstəyindən tutaraq onu içəri doğru
itələdi. Qapı açılan kimi içəridən gələn zərlərin, stola çırpılan dominoların, bir-biri ilə
daş mübahisəsi edən adamların səsi qapı arasından əsən külək kimi içəridən çölə tərəf axdı.
İçərinin havası çölə nisbətən sərin olsa da siqaret qoxusu və tüstüsü
bu sərinliyi demək olar ki, hiss edilməz edirdi. Tüstüyə qarışan səs-küy isə
onsuz da mesajına cavab almayan Eldarın əsəblərini elə qapıdan girən kimi o qədər
tarıma çəkdi ki, o Malikə tərəf çevrilərək – Bəlkə yuxarı çıxaq? – dedi.
Malik isə hələ də gözünü telefondan çəkməyərək başı ilə razılıq
bildirib, içəri doğru addımlamağa başladı. Domino həvəskarı olan, oyun zamanı əlindəki daşı bağlayanda əsəbindən
aza qala ağlayan, düşdüyü hər imkandan istifadə edərək oynayan Malikin buna etiraz etməməsi, onun bu qısa müddət ərzində
etdiyi üçüncü qəribəlik idi. Lakin Eldar yenə də ona təzyiq göstərməyərək heç nə
soruşmadı.
Pilləkənlərlə ikinci mərtəbəyə doğru qalxaraq ortasında dayanan Eldar, oradan görünən çayçıya tərəf
əyilərək – Qədir dayı, bizə bir qarışıq çay! –
deyib, yuxarı doğru qalxan Malikə çatmaq üçün addımlarını itiləşdirdi.
Səssizliyi və siqaret
qoxusuz havası ilə seçilən ikinci mərtəbədə demək olar ki heç kəs yox idi.
Yalnız otağın tam sonundakı masada oturanları çıxmaq şərti ilə, bütün masalar
boş idi. Sanki aşağıdakı səs-küy, bir mərtəbə deyil də, onlarla mərtəbə aşağıda
idi. Bura Eldar üçün hazırda ən uyğun yer idi. O, bir qədər ətrafa boylandıqdan sonra, girişdən
solda, pəncərənin kənarında oturaraq ona əli ilə işarə edən Maliki tapıb, ona tərəf yaxınlaşaraq yumşaq divanda oturdu. Elə həmin anda da telefonu
götürdüyündən bəri, artıq adət halına çevrilən hərəkətləri ilə telefonunu
kiliddən çıxarıb, mesajın gəlib-gəlməməsini yoxladı. Mesaj isə hələ də yox idi. Artıq
özünün bu halından bezərək telefonunu qırağa atan Eldar, Maliki süzməyə
başladı.