2.2 Şəhərə Eniş

12:15 AM

Eldar hava tələb edən ciyərlərini bir neçə dəfə hava ilə doldurduqdan sonra, ayağa qalxaraq ləng, lakin qətiyyətli addımlarla aşağı doğru addımlamağa başladı. Ayağı altında qalan sürüşkən daş və torpaq, artıq sıx bitmiş qısa otlarla əvəz edilmişdi və burada addımlamaq nisbətən daha rahat idi. Son addımlarını isə yenidən səbirsizlənərək qaçışla düşən Eldar, meşə tərəfindən ac köpək balığı ovunu udduğu kimi udlaaraq yox edildi.
O, günəşin uzun illər boyu düşmədiyi böyük bir ağacın altında duraraq əli ilə ona söykənib, yuxarı doğru baxırdı. Ağacın budaqları arasından görünən dikliyə baxıb, uşaq vaxtı bura qorxmadan necə qalxıb və ən əsası da necə qorxmadan düşdüyünü başa düşməyə çalışırdı. Lakin, uşaq qorxusu ilə böyük qorxusu hər zaman fərqlidir. Elə bunu da bir daha dərk edən Eldar, daha bir müddət uşaqlıqla, indiki günlərini müqayisə etdikdən sonra, reallığa qayıdaraq hazırda ona ən lazım olan şeyi xatırladı. Ona hazırda ən vacib olan, xarabalıqlar içərisində dağılmadan, şux və qürurlu qalan evlərinin qapısını açmaq və anasını qucaqlayaraq hər şeyin yaxşı olduğunu demək idi. Bəlkə də onu gecəni evdə keçirmədiyinə, heç bir xəbər vermədiyinə və onları nigaran qoyduğuna görə danlayacaqdılar, amma bu qətiyyən onu narahat etmirdi. Ona lazım olan yalnız ailəsini görmək və onları qucaqlamaq idi.
Elə bu düşüncələrlə də o, ağacların arası ilə addımlayaraq yola tərəf istiqamət götürdü. Bir neçə addımdan sonra, ağacların arasından çıxaraq yola qədər olan açıq otluq ərazi ilə addımlamağa davam etdi. Yol meşədən bir qədər yüksəkdə idi və o, yol ilə meşə arasındakı ərazini keçərək yola qalxanda, gördüyü mənzərə onu yerində donub qalmağa məcbur etdi. Yuxarıdan daha öncə görsə də, bunun içərisində olmaq daha dəhşətli idi. Yol tərk edilmiş avtomobillərlə dolu idi. Bəziləri ard-arda, bəziləri xaotik, bəziləri eninə, bəziləri toqquşmuş, bəziləri isə ümumiyyətlə əks istiqamətdə duraraq, tərk edilmişdilər. Onlar səs-küylə, vıyıltı ilə, sürətlə getməli olduqları halda, sadəcə yolun ortasında duraraq susurdular.
 Eldar yerində duraraq tərk edilmiş avtomobillərə baxır, lakin onlara yaxınlaşmağa cürət edə bilmirdi. Onların içərisində görmək istəmədiyi bir mənzərə ilə rastlaşmaq qorxusu ona hərəkət etməyə imkan vermirdi. Ətrafda baş verənlər onsuz da onu yetərincə qorxutmuşdu və əsəblərini tamamilə tarıma çəkən bu hal ona nə edəcəyinə qərar verməyə mane olurdu. Bir müddət durduğu yerdə qalaraq tərpənə bilməsə də, edəcəyi başqa bir şeyin olmamağı onu yola davam etməyə məcbur etdi.  O, yavaş-yavaş addımlayaraq ona ən yaxın dayanan avtomobilə tərəf irəliləməyə başladı. Lakin addımlar hər dəfə daha da çətinləşirdi. Sanki ayağına böyük bir daş bağlanmışdı və hər addımda bu daşın üzərinə yeni bir daş qoyulurdu. Bütün bu ağırlıqlara baxmayaraq o, qısa bir müddət sonra ona yaxın olan ilk avtomobilə çat. Onun arxasında duraraq gözünü gah meşəyə, gah geriyə, gah da uzaq önə doğru uzadaraq maşının içərisinə hər cəhdlə baxmamağa çalışırdı. Bir müddət öncə yalnız evə çatmağı arzulayırdısa, bu dəqiqə tək arzusu yanında kiminsə olması idi. Tək olmasaydı bəlkə də rahat şəkildə istənilən avtomobilə baxa bilərdi. İndiki halda isə onu hər bir şey qorxudurdu. Nəhayət bir neçə dərin nəfəs aldıqdan sonra, cəsarətini toplayaraq avtomobilin arxa şüşəsindən içəri boylandı. Avtomobilin içərisi tamamilə boş idi və bundan rahatlanaraq yana keçib qapını açdı. Özündən asılı olmayaraq, sürücünün oturacağına oturub, əli ilə sükandan yapışdı. Düymələrlə dolu sükana bir müddət baxaraq, gözünü ətrafa doğru gəzdirdi. Salon tamamilə qara və qırmızı rəngli dəri işləməli oturacaqlardan, alüminium və ağac dekorlu paneldən, və hər yerində üzərisində fərqli işarələri olan düymələrdən ibarət idi. Bir zamanlar bu avtomobil bəlkə də onun yiyəsinin statusunu, kimliyini göstərirdisə, hazırda bu avtomobil dağılmış şəhərin küçələrində yiyəsiz şəkildə atılaraq tərk edilmişdi. Sahibi onu sadə, dəyərsiz bir əşya kimi atıb getmişdi. Artıq o, digər avtomobillərdən heç bir fərqi, heç bir statusu ilə fərqlənmirdi. Gözü önündə canlanan bu fikirlər Eldarın bədəni sanki öz-özünə boşalmağa, rahatlanmağa başladı. Bayaqdandır sıxılan, gərgin duran əzələləri yumşalaraq onun ixtiyarından çıxırdı. Gözləri isə hər qırpımda daha çətin açılırdı və artıq bir neçə dəfədən sonra, onlar açılmayaraq, Eldarı qaranlığa bürüyərək, yuxuya apardı.
Nə qədər yatdığını bilməsə də, gözlərini açanda günəş artıq qüruba doğru getmişdi və göy üzündəki parlaqlığını uzaqdan görünən qızartı əvəz edirdi. Eldar gözlərini yenidən düymələrə gəzdirərək onu ortadakı radioda saxla və nəyin baş verməsi haqqında bir məlumat eşitmək ümidi ilə, radionun düyməsini basaraq onu işə sal. Radiodan isə adam səsi əvəzinə, sonsuz uzaqlıqdan gələn xışıltı səsi özünü əminliklə eşitdirməyə başladı. O, düymələri bir-bir basaraq tezlikləri dəyişsə də, yeni bir şey eşidilmədi və artıq qulaqlarında ağrı verən xışıltı səsindən yorularaq radionu söndürüb avtomobildən düşdü.
Günəş qətiyyətlə batmağa davam edirdi və qaralan havada yol Eldara daha da vahiməli görünməyə başlayırdı. O, bir anlıq meşəyə və düşdüyü dağa baxaraq nə etməli olduğuna qərar verməyə çalışdı. Seçim isə o qədər də zəngin deyildi. Ya yola davam etməli, ya mağaraya qayıtmalı, ya meşədə gecələməli, ya da boş avtomobillərin birinin içərisinə girərək səhərin açılmasını gözləməli idi.
Qərar vermək çox vaxt tələb etmədi və Eldar düşdüyü maşının qapısını özü də bilmədiyi səbəbdən bağlayaraq evə gedən yola tərəf istiqamətləndi. Növbəti avtomobil bir o qədər də uzaqda deyildi. Bu böyük, rəngli, yolun tən ortasında duran avtomobil idi. İlk addımlar bir qədər asan atılsa da, avtomobilə yaxınlaşdıqca, onlar yenidən ağırlaşmağa başladı. O, maşının içərisinə baxmayaraq, yanından düz keçmək istəsə də, onun başını sanki bir nəfər düz saxlayır, başqa bir nəfər isə güclə maşına tərəf çevirməyə cəhd edirdi. Qarşılıqlı gedən bu mübarizə ikincinin qələbəsi ilə nəticələndi və Eldar özündən asılı olmayaraq yan şüşələrdən içəri bax. Bu da, bir öncəki kimi boş idi. Daxilində alışan alov səngiyərək, bədənini sakitlik və rahatlıqla əvəz etdi. Artıq sıxılmayan və istədiyi kimi hərəkət etdirə bildiyi başını çevirərək gedəcəyi yola baxmaq istədi ki, – Aman ALLAH! deyərək geri sıçradı.
Yanında durduğu avtomobilin qarşısında onunla toqquşmuş daha bir rəngli avtomobil var idi. Ən dəhşətlisi isə içərisində başı sükan üzərində olan orta yaşlarında bir kişi var idi. Eldar onun sağ olub-olmamasını yoxlamaq istəsə də, buna ürək edə bilmədi və o, addımlarını sürətləndirərək tərk edilmiş avtomobillərin içərisinə baxmadan bir-bir keçməyə başladı. Atılan addımlar sürətləndikcə, sürətlənirdi və bir neçə addımdan sonra, Eldar artıq yerişini qaçışla əvəz edərək gözünü asfalta zilləyib, yolun sonun doğru irəliləyirdi.
Bir neçə dəqiqə dayanmadan qaçdıqdan sonra yolun sonuna çataraq addımlarını səngidən Eldar, daha bir neçə addım da ataraq tamamilə dayan. Yolda həmin hissədən sola yeni yol ayrılırdı və evə qədər olan 200-300 metrlik yol da, geridə qoyduğu yol kimi tərk edilmiş avtomobillərlə dolu idi. Təngnəfəsliyi hələ tam keçməmiş o, yenidən addımlayaraq və tezliklə onları qaçışla əvəz edərək yenidən qaçmağa başladı. Lakin bu dəfə o, maşınların arası ilə deyil, dağıntıların arasında qalmış dar cığırla ara küçəyə doğru girdi. Bu cığır Qədir dayının çayxanasına gedən yol olmalı idi ki, buna da Eldar, yerdə taxta üzərində yonulmuş “Çayxana” yazısını görəndə əmin oldu.
Eldar hazırda Qədir dayının onu ilk asdığı gün durduğu yerdə duraraq onun - Bu andıra bilirsən nə qədər pul vermişəm? Bu gündən çayın qiymətini də qaldırıram! – deməsini xatırlayaraq gülümsədi.
Btün bu qədər şeydən sonra hələ də gülə bilməsinə təəccüblənən Eldar, elə üzündəki gülümsəmə ilə çayxanadan qalmış xarabalıqlardan ayrılıb, evə doğru irəliləməyə başladı. Evə doğru addımladıqca yol boyu onu yalnız bir-birini əvəz edən xarabalıqlar əvəz edirdi. Eldar bəzi dağıntıları tanıyır, bəzilərini isə tanımadan sadəcə baxaraq yoluna davam edirdi. Dağıntıları bir-bir keçərək dayanmamağa çalışaraq o, daha bir neçə dağılmış tikilini keçdikdən sonra, nəhayət ki, bir qədər aralıdan evlərinin damını gördü və bədəninə yüklənmiş bir enerji partlayışı ilə evə doğru qaçmağa başladı.

 Evləri əvvəllər xarici görünüşünə görə digərlərindən o qədər də fərqlənmirdi. Onun digərlərindən olan yeganə fərqi, bir zamanlar ətrafda olan digər iki mərtəbəli evlərdən daha hündür olması idi ki, bu da Məcid bəyin şəxsi istəyi ilə belə tikilmişdi. 

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images