1.4 Başlanğıc

12:18 AM

Eldar daha sual vermədi, heç Malik də bir şey danışmadı və gərginlik içərisində çökmüş sakitliyi, Malikin telefonuna gələn zəngdən çalınan güclü monoton musiqi pozdu. Həddindən artıq güclü olan zəngin səsi hər ikisini də diksindirərək mövzunun təsiri altından çıxardı və həvəssiz halda telefonunu qaldıran Malik – Alo... Hə bilirəm... Yaxşı indi durub gələrəm. – deyərək cavab verdi və üzünü Eldara tutaraq – Mən getməliyəm! Evə hansısa tanımadığım qohumlar gələcək. Gedim bir az öpsünlər məni. – dedi.
 Uzun müddətdən sonra yenidən telefonuna baxan Eldar gəlməyən mesajı görərək - Yaxşı, elə mən də gedirəm. – deyərək portmanatından pul çıxararaq qənd qabının altına qoydu. 
Birinci mərtəbə gəldikləri zaman olduğu kimi hələ də səs-küylü və siqaret tüstülü idi. Ağacdan səliqə ilə yonulmuş pilləkənləri Malikin ardınca düşən Eldar, heç ortaya çatmamışdı ki, onun adını çağıran bir neçə səs eşitdi və səs gələn tərəfə baxanda, pilləkənlərin sağındakı ilk masada köhnə tanışlarını gördü. Onlar masadan qalxaraq Eldar və Maliklə görüşüb, gəlib onlarla oturub domino oynamağı təklif etdilər. Malikin – Məni üzrlü hesab edin. Tələsirəm. – deməsinə razılıq versələr də,  Eldarın qalmağını təkidlə istədilər.
Eldara bu o qədər xoş olmasa da, evə getdikdən sonra yenidən iki dəqiqədən bir telefona baxacağını fikirləşib, oynamağa razılıq verdi və  Maliklə sağollaşaraq masanın başına keçdi.
Bu gecə Eldarın oyunu alınırdı. Hər oyunu demək olar ki, udan tərəf o idi və bir neçə dəfə qalib gəldikdən sonra – İcazənizlə mən gedim. Bakıdan səhər gəlmişəm və yorğunluq hələ də canımdan çıxmayıb. – deyərək masadan qalxdı.
Gəldikləri zaman göy üzü parlayan ay və ulduzlarla bürünmüşdüsə, keçən bir neçə saat ərzində artıq ulduzların hamısı yox olmuş, ay isə qısa zaman ərzində haradansa gəlmiş buludların arxasında zəif ağartı ilə güclə görünürdü. Hava bir neçə saata tamamilə dəyişmişdi. Artan rütubətlilik isti ilə birləşərək dözülməz hala çevrilsə də, siqaret qoxulu məkandan sonra daha xoş idi.
Eldar bir daha gecə səssizliyinə bürünmüş ətrafa baxaraq ciyərlərinə bol bir hava alıb, evə tərəf addımlamağa başladı. Çayxanadan aralanaraq bir neçə yüz metr getməmişdi ki, ondan bir neçə addım aralıda ehtiyatlıləng addımlarla ona tərəf addımlayan bir qaraltı gördü. İlk əvvəl nə olduğunu bilməsə də, tezliklə səsindəki mırıldamadan bunun böyük bir it olduğunu başa düşdü.
Hələ uşaqlıqdan, Eldarın heç bir səbəb olmadan itlərə qarşı xüsusi qorxusu var idi. İti gördüyü anda özündən asılı olmayaraq qaçıb gizlənmək istəyirdi və bu dəfə də fərqli olmadı. Gecə qaranlığında, ətrafda kimsənin olmadığı zaman itlə üz-üzə qalmaq heç də Eldarın arzuladığı bir şey deyildi və o, özündən asılı olmayaraq cəld addımlarla geriyə doğru bir neçə addım ataraq onları qaçışla əvəz etdi.   Eldarın qaçması ilə bərabər bayaqdandır mırıldayan it də artıq hürərək onu izləməyə başladı.
Eldar bir neçə metr qaçsa da itdən aralana bilmirdi. Onun hürmə səsi və qaçarkən pəncələrinin yerə dəyən zəif səsləri xışıltıları daha da yaxınlaşırdı. Çayxanaya qədər qaça bilməyəcəyini bilən Eldar, hündür olmayan kiçik tikililərin arasına qəfil dönüş edərək ara küçə ilə şəhər ətrafı dairəvi yola və onun yanı ilə uzanan meşəyə tərəf istiqamət aldı. Gecə saatlarında yoldan keçən maşınların da sayı demək olar ki, yox sayda idi. Yalnız uzaqdan yanan bir neçə avtomobil işıqlarını çıxmaq şərti ilə, yol tamamilə boş idi. O, enli yolu keçərək yaxşı tanıdığı ağaclıqlara girərək cəld addımlarla gözdən itməyə başladı. Lakin arxadan gələn itin səsi hələ də eşidilirdi. Eldar bir neçə kolun üzərisindən atlanaraq, qarşısına çıxan ilk tutunmağa budağı olan ağacdan yapışaraq onun üzərisinə dırmandı. Yerdən bir neçə metr aralanmışdı ki, itin səsi artıq ağacın altından gəlməyə başladı və o, Eldara baxaraq dişlərini qıcayır və əks-səda ilə yayılan qalın səsi ilə hürürdü.
Eldar qalın bir budaq taparaq üzərisində özünə yer rahatladı və oturaraq itin getməsini gözlədi. Vəziyyəti heç də yaxşı deyildi. Evə zəng edərək nə kimsəni təşvişə salmaq, nə də “itdən qorxaraq ağaca çıxan” ləqəbini özünə həkk etdirmək istəyirdi. İt isə getmək bilmirdi və dayanmadan ona baxıb hürürdü.
Eldar artıq neçə müddət ağacda oturduğunu unutmuşdu. Ondan bir neçə metr aşağıda dayanmadan hürən itin səsinə fikir verməmək üçün tam gücü ilə özünü toparlamağa çalışırdı və bir neçə dəqiqədən sonra Eldar artıq itin səsini eşitməməyə başladı. Lakin itin səsini Eldarın cəhdləri yox, göy üzündə partlayış baş vermiş kimi, dəhşətli bir səslə yayılan göy gurultusu batırdı və bu gurultu sanki partlayan çənmiş kimi, ardınca içərisindəki suyu aşağı doğru yağdırmağa başladı. İri damlalarla aşağı doğru yağan yağış bir neçə saniyə ərzində Eldarı son sapına kimi su etdi və bir qədər gec olsa da, aşağı doğru süzülərək itə də çatan yağış, onun gözətçiliyini kəsərək qaçıb getməsinə səbəb oldu.
Eldar artıq tək və tamamilə islanmış idi. Aşağıdan gəlməyən itin səsi onu bir qədər rahatlandırsa da, ildırımlı və yağışlı havada ağacın başında durmağın heç də yaxşı fikir olmadığını bilirdi və növbəti ildırım çaxmadan o, cəld aşağı doğru düşməyə başladı.
 Ayağı yerə dəyən Eldar nəhayət ki, rahatlanaraq dərindən bir nəfəs aldı. İlk öncə evə getmək istəsə də, qaranlıqlar arxasında onun rastına çıxa biləcək iti xatırlayaraq bir qədər fikrini dəyişdi və istiqamətini uşaqlıqdan bəri Maliklə onun gizlənmə və oyun yeri olan mağaraya tərəf üz tutdu.
Mağara meşənin başlanğıcında təxminən 100-200 metr hündürlüyündə olan dağın yuxarılarında idi. Hələ uşaq olduğu zaman o və Malik evdə tək qalan kimi, kimsəyə xəbər vermədən ora dırmanaraq bütün günlərini orada oynayaraq keçirərdilər. Mağaranın girişində duraraq əllərinin içindəymiş kimi görünən şəhərə baxar və özlərini onun sahibi hesab edərdilər. Bəzən isə orada duraraq evlərin damının rəngini, əlamətini və ya keçən maşının rəngini deyərək onun harada olduğunu tez tapmaq üzrə oyunlar oynayardılar.
 Eldar yağışdan qorunmaq üçün həmin mağaraya qalxmağı qərara aldı və ondan öncə evə zəng edərək gecə Malik gildə qalacağını demək istəsə də, telefona düşən su damcıları ona bunu yuxarıya çatdıqdan sonra etmək fikrinə gətirdi. O, telefonu yenidən cibinə qoyaraq yuxarı doğru dırmanmağa başla. Son qalxışından uzun illər keçsə də, mağaraya gedən yolları yaxşı xatırlayan Eldar, bir neçə dəqiqədən sonra artıq mağaranın girişində idi. Girişin önündəki kiçik düzlükdə duraraq o, heç zaman gecə vaxtı buradan baxmadığı şəhərə baxıb, onun gözəlliyinin təsiri altına düşərək bir anlıq hər şeyi unutdu. Qaranlıq zülmət içərisində uzaqlara doğru uzanan şəhərin işıqları, üzərisi parlayan daş-qaşlarla bəzədilmiş qara örpəyi xatırladırdı. O, bir anlıq hər şeyi, Dənizin cavab yazmamağını, Malikin ona danışdıqlarını, hətta bir neçə dəqiqə əvvəl arxası ilə qaçan iti belə unutmuşdu. Yalnız o və şəhər var idi. Başqa heç .
Gördüyü mənzərə ilə içərisinə çökən rahatlıqla geri doğru addımlayan Eldarı, bu rahatlıqdan yağışdan su olmuş qayada sürüşən ayağı ayırdı. O, bunu yalnız yerə dəyərək kürəyi boyu yayılan ağrıdan sonra hiss etdi. Kürəyindəki ağrıdan bir qədər özünün itirsə də, tezliklə dirsəklənərək mağaranın içərilərinə doğru sürünərək nəhayət ki, üzəirisnə su düşməyən yerə çatdı.
Hazırda etməli olduğu ilk şey Malikə və evə zəng etmək olsa da, ağrı ona imkan vermədi və o, zəng etmədən əvvəl, kürəyindəki ağrının və təngnəfəsliliyinin keçməsini gözləyərək mağaranın tavanına doğru zillənərək uzandı. Bir müddət boşluğa baxan Eldar ağrı ilə bədəninə gələn zəiflik hissinin təsirinə düşməyə başladı bə bir neçə saniyə sonra, ağırlaşan göz qapaqlarını saxlaya bilməyərək onları yumdu.
Eldar gözlərini açanda bir müddət boş bir qaranlıq içərisində uçdu. Bədənini əvvəllər heç zaman hiss etmədiyi qəribə hisslər bürümüşdü. Hər aldığı nəfəs isə ona rahatlıq gətirmək əvəzinə sanki daxildən onun ciyərlərini quru yarpaq kimi sıxaraq ovalayırdı. Susuzluqdan bütün bədəni, qaldırmaq istədiyi əlləri yay kimi yırğalanaraq idarə olunmasını qeyri mümkün edirdi. Dili ilə qurumuş dodağına toxunsa da, dili də dodağı kimi quru və susuzlamışdı. Bədəni sanki sıxılaraq çəkisini tamamilə itirmişdi. O, tərpənmədən beynində fikirlərini toparlamağa çalışsa da, susuzluğa əlavə olaraq gicgahındakı kəskin ağrı və beynindəki küy ona düşünməyə imkan vermirdi. Kəsilmiş yara kimi ağrı verən gicgahından qan axdığını düşünərək əlini ağrıya tərəf aparsa da, əli ilə ilıq qan əvəzinə qurumuş yaraya toxundu. Bütün gicgahı boyu barmaq uzunluğunda olan yaraya əli ilə toxunan Eldar, nəyin baş verdiyini hələ də xatırlaya bilmirdi. Daha bir müddət yerdə uzanaraq boşluqda qalan Eldar bu haldan bezərək bədənini qaldırmaq istəsə də ona qulaq asmayan əzələləri onu yerə yapışdır.

Ayağa qalxa bilməyən Eldar kürəyini artıq uzun müddət idi ki, əzən daşdan qurtulmaq üçün üzü üstə çevrilərək uzanmaq istədi. Lakin bu dəfə də yer ilə ayağı arasında qalan daş onu yenidən narahat etdi. Həvəssiz halda əliniz uzadaraq daşı götürmək istəsə də bunun daş yox, cibindəki telefon olduğunu gördü və o, tez onu çıxararaq kilidini açdı. 

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images