Eldar daha sual
vermədi, heç Malik də bir şey danışmadı və gərginlik içərisində çökmüş sakitliyi, Malikin telefonuna gələn zəngdən çalınan güclü monoton
musiqi pozdu. Həddindən artıq güclü olan zəngin səsi hər ikisini də diksindirərək
mövzunun təsiri altından çıxardı və həvəssiz halda telefonunu qaldıran Malik – Alo... Hə bilirəm...
Yaxşı indi durub gələrəm. – deyərək cavab verdi və üzünü Eldara tutaraq – Mən
getməliyəm! Evə hansısa tanımadığım qohumlar gələcək. Gedim bir az öpsünlər məni. – dedi.
Uzun müddətdən sonra yenidən
telefonuna baxan Eldar gəlməyən mesajı görərək - Yaxşı, elə mən də gedirəm. –
deyərək portmanatından pul çıxararaq qənd qabının altına qoydu.
Birinci mərtəbə gəldikləri zaman olduğu kimi hələ də səs-küylü və
siqaret tüstülü idi. Ağacdan səliqə ilə yonulmuş pilləkənləri Malikin ardınca
düşən Eldar, heç ortaya çatmamışdı ki, onun adını çağıran bir neçə səs eşitdi və səs gələn tərəfə
baxanda, pilləkənlərin sağındakı ilk masada köhnə
tanışlarını gördü. Onlar masadan qalxaraq Eldar və Maliklə
görüşüb, gəlib onlarla oturub domino oynamağı təklif etdilər. Malikin – Məni üzrlü hesab edin. Tələsirəm. – deməsinə razılıq versələr də, Eldarın
qalmağını təkidlə istədilər.
Eldara bu o qədər xoş olmasa da, evə getdikdən sonra yenidən iki dəqiqədən
bir telefona baxacağını fikirləşib, oynamağa razılıq verdi və Maliklə sağollaşaraq masanın başına keçdi.
Bu gecə Eldarın oyunu alınırdı. Hər oyunu demək olar ki, udan tərəf o idi və bir neçə dəfə
qalib gəldikdən sonra – İcazənizlə mən gedim. Bakıdan səhər gəlmişəm və
yorğunluq hələ də canımdan çıxmayıb. – deyərək masadan qalxdı.
Gəldikləri zaman göy üzü parlayan ay və ulduzlarla bürünmüşdüsə, keçən
bir neçə saat ərzində artıq ulduzların hamısı yox olmuş, ay isə qısa zaman ərzində
haradansa gəlmiş buludların arxasında zəif ağartı ilə güclə görünürdü. Hava bir
neçə saata tamamilə dəyişmişdi. Artan rütubətlilik isti ilə birləşərək dözülməz
hala çevrilsə də, siqaret qoxulu məkandan sonra daha xoş idi.
Eldar bir daha gecə səssizliyinə bürünmüş ətrafa baxaraq ciyərlərinə
bol bir hava alıb, evə tərəf addımlamağa başladı. Çayxanadan aralanaraq bir neçə yüz
metr getməmişdi ki, ondan bir neçə addım aralıda ehtiyatlı və ləng
addımlarla ona tərəf addımlayan bir qaraltı gördü. İlk əvvəl nə olduğunu bilməsə də, tezliklə səsindəki
mırıldamadan bunun böyük bir it olduğunu başa düşdü.
Hələ uşaqlıqdan, Eldarın heç bir səbəb olmadan itlərə qarşı xüsusi
qorxusu var idi. İti gördüyü anda özündən asılı olmayaraq qaçıb gizlənmək istəyirdi
və bu dəfə də fərqli olmadı. Gecə qaranlığında, ətrafda kimsənin olmadığı zaman
itlə üz-üzə qalmaq heç də Eldarın arzuladığı bir şey deyildi və o, özündən
asılı olmayaraq cəld addımlarla geriyə doğru bir neçə addım ataraq onları qaçışla əvəz
etdi. Eldarın qaçması ilə bərabər bayaqdandır
mırıldayan it də artıq hürərək onu izləməyə başladı.
Eldar bir neçə metr qaçsa da itdən aralana
bilmirdi. Onun hürmə səsi və qaçarkən pəncələrinin yerə dəyən zəif səsləri xışıltıları daha da yaxınlaşırdı. Çayxanaya qədər
qaça bilməyəcəyini bilən Eldar, hündür olmayan kiçik tikililərin arasına qəfil
dönüş edərək ara küçə ilə şəhər ətrafı dairəvi yola və onun yanı ilə uzanan meşəyə
tərəf istiqamət aldı. Gecə saatlarında yoldan keçən maşınların da sayı demək
olar ki, yox sayda idi. Yalnız uzaqdan yanan bir neçə avtomobil işıqlarını çıxmaq şərti
ilə, yol tamamilə boş idi. O, enli yolu keçərək yaxşı tanıdığı ağaclıqlara girərək
cəld addımlarla gözdən itməyə başladı. Lakin arxadan gələn itin səsi hələ də
eşidilirdi. Eldar bir neçə kolun üzərisindən atlanaraq, qarşısına çıxan ilk
tutunmağa budağı olan ağacdan yapışaraq onun üzərisinə dırmandı. Yerdən bir neçə
metr aralanmışdı ki, itin səsi artıq ağacın altından gəlməyə başladı və o, Eldara baxaraq dişlərini qıcayır
və əks-səda ilə yayılan qalın səsi ilə hürürdü.
Eldar qalın bir budaq taparaq üzərisində
özünə yer rahatladı və oturaraq itin getməsini gözlədi. Vəziyyəti heç də yaxşı deyildi. Evə zəng edərək nə kimsəni təşvişə salmaq, nə də “itdən
qorxaraq ağaca çıxan” ləqəbini özünə həkk etdirmək istəyirdi. İt isə getmək
bilmirdi və dayanmadan ona baxıb hürürdü.
Eldar artıq neçə müddət ağacda oturduğunu unutmuşdu. Ondan bir neçə metr aşağıda dayanmadan
hürən itin səsinə fikir verməmək üçün tam gücü ilə özünü toparlamağa çalışırdı və bir neçə dəqiqədən sonra Eldar artıq itin səsini
eşitməməyə başladı. Lakin itin səsini Eldarın cəhdləri yox,
göy üzündə partlayış baş vermiş kimi, dəhşətli bir səslə yayılan göy gurultusu
batırdı və bu gurultu sanki partlayan çənmiş kimi, ardınca içərisindəki suyu
aşağı doğru yağdırmağa başladı. İri damlalarla aşağı doğru yağan yağış bir neçə
saniyə ərzində Eldarı son sapına kimi su etdi və bir qədər gec olsa da, aşağı
doğru süzülərək itə də çatan yağış, onun gözətçiliyini kəsərək qaçıb getməsinə səbəb oldu.
Eldar artıq tək və tamamilə islanmış idi.
Aşağıdan gəlməyən itin səsi onu bir qədər rahatlandırsa da, ildırımlı və
yağışlı havada ağacın başında durmağın heç də yaxşı fikir olmadığını bilirdi və
növbəti ildırım çaxmadan o, cəld aşağı doğru düşməyə başladı.
Ayağı yerə dəyən Eldar nəhayət ki, rahatlanaraq dərindən bir nəfəs aldı.
İlk öncə evə getmək istəsə də, qaranlıqlar arxasında onun rastına çıxa biləcək
iti xatırlayaraq bir qədər fikrini dəyişdi və istiqamətini uşaqlıqdan bəri Maliklə onun
gizlənmə və oyun yeri olan mağaraya tərəf üz tutdu.
Mağara meşənin başlanğıcındakı təxminən 100-200 metr hündürlüyündə
olan dağın yuxarılarında idi. Hələ uşaq olduğu zaman o və Malik evdə
tək qalan kimi, kimsəyə xəbər vermədən ora dırmanaraq bütün günlərini orada oynayaraq keçirərdilər.
Mağaranın girişində duraraq əllərinin içindəymiş kimi görünən şəhərə baxar və özlərini onun
sahibi hesab edərdilər. Bəzən isə orada duraraq evlərin damının rəngini, əlamətini və ya keçən
maşının rəngini deyərək onun harada olduğunu tez tapmaq üzrə oyunlar oynayardılar.
Eldar yağışdan qorunmaq üçün həmin mağaraya qalxmağı qərara aldı və ondan öncə evə zəng edərək gecə
Malik gildə qalacağını demək istəsə də, telefona düşən su damcıları ona bunu yuxarıya çatdıqdan sonra etmək
fikrinə gətirdi. O, telefonu yenidən cibinə qoyaraq yuxarı doğru dırmanmağa başladı. Son qalxışından uzun illər keçsə də,
mağaraya gedən yolları yaxşı xatırlayan Eldar, bir neçə dəqiqədən sonra artıq
mağaranın girişində idi. Girişin önündəki kiçik düzlükdə duraraq o, heç zaman gecə
vaxtı buradan baxmadığı şəhərə baxıb, onun gözəlliyinin təsiri altına düşərək bir anlıq hər şeyi unutdu. Qaranlıq zülmət içərisində uzaqlara doğru uzanan şəhərin işıqları,
üzərisi parlayan daş-qaşlarla bəzədilmiş qara örpəyi xatırladırdı. O, bir anlıq
hər şeyi, Dənizin cavab yazmamağını, Malikin ona danışdıqlarını, hətta bir neçə dəqiqə əvvəl
arxası ilə qaçan iti belə unutmuşdu. Yalnız o və şəhər var idi. Başqa heç nə.
Gördüyü mənzərə ilə içərisinə çökən
rahatlıqla geri doğru addımlayan Eldarı, bu rahatlıqdan yağışdan su olmuş
qayada sürüşən ayağı ayırdı. O, bunu yalnız yerə dəyərək kürəyi boyu yayılan
ağrıdan sonra hiss etdi. Kürəyindəki ağrıdan bir qədər özünün itirsə də, tezliklə dirsəklənərək mağaranın içərilərinə
doğru sürünərək nəhayət ki, üzəirisnə su düşməyən
yerə çatdı.
Hazırda etməli olduğu ilk şey Malikə və
evə zəng etmək olsa da, ağrı ona imkan vermədi və o, zəng etmədən əvvəl, kürəyindəki
ağrının və təngnəfəsliliyinin keçməsini gözləyərək mağaranın tavanına doğru
zillənərək uzandı. Bir müddət boşluğa baxan Eldar ağrı ilə bədəninə gələn zəiflik
hissinin təsirinə düşməyə başladı bə bir neçə saniyə sonra, ağırlaşan göz qapaqlarını saxlaya bilməyərək onları yumdu.
Eldar gözlərini açanda bir müddət
boş bir qaranlıq içərisində uçdu. Bədənini əvvəllər heç zaman hiss etmədiyi qəribə
hisslər bürümüşdü. Hər aldığı nəfəs isə ona rahatlıq gətirmək əvəzinə sanki
daxildən onun ciyərlərini quru yarpaq kimi sıxaraq ovalayırdı. Susuzluqdan
bütün bədəni, qaldırmaq istədiyi əlləri yay kimi yırğalanaraq idarə olunmasını
qeyri mümkün edirdi. Dili ilə qurumuş dodağına toxunsa da, dili də dodağı kimi
quru və susuzlamışdı. Bədəni sanki sıxılaraq çəkisini tamamilə itirmişdi. O, tərpənmədən
beynində fikirlərini toparlamağa çalışsa da, susuzluğa əlavə olaraq gicgahındakı
kəskin ağrı və beynindəki küy ona düşünməyə imkan vermirdi. Kəsilmiş yara kimi
ağrı verən gicgahından qan axdığını düşünərək əlini ağrıya tərəf
aparsa da, əli ilə ilıq qan əvəzinə qurumuş yaraya toxundu. Bütün gicgahı boyu barmaq
uzunluğunda olan yaraya əli ilə toxunan Eldar, nəyin baş verdiyini hələ də
xatırlaya bilmirdi. Daha bir müddət yerdə uzanaraq boşluqda qalan Eldar bu haldan bezərək bədənini
qaldırmaq istəsə də ona qulaq asmayan əzələləri onu yerə yapışdırdı.
Ayağa qalxa bilməyən Eldar kürəyini
artıq uzun müddət idi ki, əzən daşdan qurtulmaq üçün üzü üstə çevrilərək
uzanmaq istədi. Lakin bu dəfə də yer ilə ayağı arasında qalan daş onu yenidən narahat etdi. Həvəssiz
halda əliniz uzadaraq daşı götürmək istəsə də bunun daş yox, cibindəki telefon olduğunu gördü və o, tez onu çıxararaq kilidini açdı.