Malik isə hələ də gözünü telefonun ekranından çəkmək bilmirdi. Onun
bu hərəkətləri Eldarın marağını getdikcə artırır və irəliləyən hər saniyə onun
səbrini içəridən parçalayırdı. Lakin o, Malik özü danışmasa, ondan bir şeyin
soruşmağın mənasız olduğunu da yaxşı bilirdi. Çünki Malikdə bir saniyə ərzində, istənilən
mövzuya istənilən başqa hekayə fikirləşərək onu sənə doğru adı ilə satmaq kimi əvəz
edilməz bir bacarıq var idi. Ona görə də Eldar, sakit oturaraq nəhayət ki,
Malikin danışmasını gözləyirdi. Lakin Malikdən gəlməyən səs, oradakı mühiti
siqaret qoxulu və səs-küylü olan birinci mərtəbədən də dözülməz olan bir yerə çevirirdi.
– Bu gün Dəniz mesaj yazdım. – Nəhayət ki, dözə bilməyən Eldar, sanki
daxilində söz partlayışı baş vermiş kimi dedi.
Gözünü bir anlıq telefondan ayıran Malik – Kim? Sən? A kişi yeri get,
səndə o ürək nə gəzir? – deyərək gözünü yenidən telefonuna zillədi.
-
Ciddiyəm! Bu gün yazdım, amma hələ də
cavab gəlməyib. – Eldar qətiyyətlə başlasa da, sona yaxın zəifləyən səslə cavab
verdi.
-
Mən sənə demişdim axı, sən hərəkət edənə
kimi onun artıq bağçaya gedən uşaqları olacaq. – Deyərək Malik telefonunu nəhayət ki, əlindən
yerə qoyub, divana söykəndi.
-
Malik, axı bilirsən ki, Dəniz mənə görə
digər qızlar kimi deyil. Səhv etmək istəmirəm. Bu ciddi məslədir. – Eldar səsindəki qətiyyəti artıraraq dedi.
Bir qədər sakit duraraq dostuna baxan Malik - Hə, yaxşı. Narahat
olma! Qız onsuz da çətin qız idi və elə asan cavab yazmayacağı bəlli idi. –
deyib, bir müddət susduqdan sonra – Ya da ki, uzaq başı atası cavab yazacaq.
Burada nə var ki? – deyərək güldü.
Eldar əlini atıb, qabdakı əlinə keçən ilk
karameli götürərək ona atmaq istəyirdi ki –
Yaxşı! Yaxşı, susdum! – deyərək Malikin dişlərini ağardaraq gülməsini və əli ilə üzünü qoruduğunu gördükdən sonra, onu
yenidən yerinə qoydu.
-
Günah məndədir ki, oturub sənin kimi
biveclə dərdlərimi paylaşıram. – Deyərək Eldar kürəyini divana söykədi.
-
Yaxşı də, incimə! Gördüm kefin yoxdur bir
qədər zarafat elədim. Sən də son zamanlar yaman kövrək olmusan. Dünyanın axırı
deyil ki?! Nədi? İlk mesajından Dənizin sənə cavab verərək səni sevdiyini deməyini
gözləyirdin? Bu iş bir qədər çətin lacaq dostum. – Malik sön cümləsində bic-bic
gülüşünü də əlavə edərək dedi.
Malikin zarafat edərək gülməsinə baxmayaraq, onun gözlərindəki gərginlik
hələ də çəkilmirdi. Sakitlik çökən kimi, sanki daxilindəki gərginlik onun üzünə çıxaraq hərəkətlərini
dəyişdirməyə, gözlərini qaçıraraq ora-bura baxmağına məcbur edirdi. O, əllərini ovuşduraraq sağ əli ilə
sol əlinin baş barmağını sıxır və üzünü tez-tez sağa çevirərək pəncərədən ay işığında
zəif görünən çox da dərin olmayan yol kənarı uzanan meşəyə tərəf baxırdı.
Malikin susduqca dəyişən halını görən Eldar isə artıq səbrini sıxa bilməyib, bayaqdandır soruşmaq istədiyi sualı
soruşdu. – Bir maraqlı söhbət var, səninlə danışmalıyam demişdin. Nə söhbətdir?
-
Söhbət? Nə söhbət? – Dəyərək Malik bir
anlıq Eldara baxaraq beynində dolaşan fikirlərin təsirindən çıxmağa çalışdı. – Hə
onu deyirsən? – Malikin səsi getdikcə zəiflədi və gözləri sanki bir zamanlar
yanan şammış kimi sönməyə, baxışlarındakı mənasını itirməyə başladı.
-
Bir məsələ var! - Demişdi ki, Qədir dayının oğlu Mahmud, çaydanı qəfil
masanın üzərisinə qoydu və düşdüyü aləmdən qəfil ayrılaraq diksinən Malik, üzünü uşağa çevirərək
ciddi, lakin sakit bir səslə - Başıma qoy! Başıma! Masaya niyə qoyursan? – dedi.
Malikin dediklərindən tutulan və bir qədər
çaş-baş qalan uşağı görən Eldar isə – Sağ ol Mahmud! – deyərək özünü uşağa çevirib, gülümsədi.
Malik əsəbdən sifətindəki cizgiləri hələ
də yumşaltmayaraq çaydanı götürmək istədi ki, qızmış qulpun əlini yandırması ilə
əlini çəkərək yenidən şikayətlənməyə başladı və şikayətlənə-şikayətlənə iki salfet
götürərək, birini qulpuna, digərini isə çaydanın lüləyinə sarıdı. Eldarın onun
hərəkətlərinə təəccüblə baxdığını gördükdə isə nəhayət ki, üzündəki əsəbi kiçik bir gülümsəmə ilə əvəz edib – Süzəndə axmasın deyə. – dedi.
Armudu stəkanlara süzülən kəkotulu (kəklikotu)
çayın ətri, yay istisində qəfil keçən sərin bir külək kimi, xoş bir təsir bağışlayaraq ətrafa
yayıldı. Eldar və Malik üçün evdən kənarda kəkotulu çayı içmək sanki bir rituala çevrilmişdi və onlar Gəncə
çayxanalarında verilən dağ kəkotulu çayı qoyub, başqa çayı içməyi təsəvvür belə edə
bilmirdilər. Kəkotu çayı ilə içilən yeganə vasitə isə qənd olduğundan, Eldar kiçik bir qənd
parçasını dodaqları arasında tutaraq stəkandan çəkdiyi qurtumla onu sovurmağa başladı.
-
Hə qardaş, de görək sənin dərdin nədir?
– Eldar bədəninə yayılan çay həzzinin təsiri ilə rahatlanmış səslə soruşdu.
Malik də əlindəki stəkandan bir qurtum çayı udaraq önə əyilib, Eldara
yaxınlaşdı. Bunu görən Eldar da bir qədər təəccüblə ətrafa baxıb, sonra dostuna tərəf əyilərək Malikin nə demək istədiyini dinləmək
üçün bütün diqqətini ona tərəf yönəltdi.
-
Bir həftədir nə gecəm var, nə də
gündüzüm. Yuxuya həsrət qalmışam. – Malik pıçıltı ilə dedi.
-
Gecələr yatmadığını görürdüm. Elə ona görə imtahandan kəsildin də. – Eldar Malikə sözünün davamını gətirməyə imkan verməyərək
dedi.
-
Yox, məsələ başqa şeydədir. Anlatmaq çox çətindir, amma qəribə şeylər olur. Bilmədiyim,
inanmaqda çətinlik çəkdiyim şeylər. –
Malik hələ də pıçıltı ilə danışmağa davam edirdi.
-
Yoxsa evdəkilər səni evləndirmək istəyir? - Eldar deyərək gülümsədi.
-
Di yaxşı də, adam ol! Söz danışıram! – Malik bu dəfə bir qədər yüksək və daha ciddi səslə
dedi.
-
Yaxşı-yaxşı, danış görək nə deyirsən. – Eldar hələ də üzündəki gülüşünü saxlayaraq dedi.
Malik yenidən ətrafa baxaraq bu dəfə daha da
sakit səslə danışmağa başladı. - Dünya dağılır! Hər şeyin sonu çatıb. Tezliklə dünyanın sonu çatacaq.
Eldar bir anlıq qaşlarını qaldıraraq Malikə baxdı, daha sonra isə
idarə etməkdə çətinlik çəkdiyi bərk bir səslə qəhqəhə çəkərək – Ayə yeri get!
Ağlın qaçıbdır deyəsən sənin? – dedi.
Malikin gözlərində gülüşdən və zarafatdan əsər əlamət belə yox idi.
O, durduğu vəziyyətdə qalaraq divanda geri söykənmiş Eldarın gözlərinə baxmağa
davam edirdi. Bir müddət gülüşünü saxlaya bilməyən Eldar isə sakitləşdikdən
sonra, hələ də ona baxan Malikin demək istədiklərini tam eşitmək üçün yenidən
önə əyildi.
Malik bu dəfə daha həvəssiz olsa da, sözünə davam etdi. – Bir həftə bundan qabaq
internetdə qəribə yazıya rast gəldim. Əvvəl buna fikir vermədim və demək olar
ki unutmuşdum. Belə xəbərlərin çox vaxt oxucu cəlb etmək üçün istifadə edildiyini bilirdim. Lakin
növbəti gün xarici saytlarda da buna oxşar bir neçə xəbərlərə rast gəldikdən
sonra, içimdə qəribə bir qığılcım yarandı. Başladım bunların hamısını bir-bir
oxumağa və nəticə ondan ibarətdir ki, dünyanın müxtəlif yerlərində seysmik
aktivlik yaranıb.
-
Hə nə olsun? Sən ki, coğrafiyanı məndən
də yaxşı bilirsən. Seysmik aktivlik normal bir haldır və aktivliyin
intensivliyi müəyyən müddətdən bir arta, azala və təkrarlana bilər. – Eldar quru səslə cavab verdi.
-
Aktivlik o zaman normal haldır ki, o,
seysmik aktiv zonalarda baş versin. Uzun illər boyu zəlzələnin baş vermədiyi və
ümumiyyətlə zəlzələnin baş verməsi qeyri-mümkün olan ərazilərdə olması isə,
artıq normal hal deyil. Bunu araşdıran bir neçə alimlərin yazısını oxumuşam.
Onların dediyinə görə yüz illər boyu zəlzələ olmayan bu yerlərdə, artıq bir neçə
dəfə kiçik də olsa titrəyişlər olub. Bəzi yerlərdə isə yerin hərarəti o qədər
yüksəlib ki, kiçik göllər belə quruyub. Adını unutduğum bir göldə isə su hətta qaynama
həddinə çatıbdır. İki gün öncə isə haradan olduğunu deməyən bir alim, yerin altından qəribə səslərin gəldiyini
və bu səslərin gündən-günə yer üzərinə yaxınlaşdığı haqqında yazmağa başladı.
Ən qəribəsi isə odur ki, dünya bütün bunları xəbərlərdə sadəcə zəlzələ kimi
göstərir.
-
İnternetdə belə yalan şayiələr tez-tez
yayılır. Bəzən biri yalan məlumat yazır və bu məlumat qeybətcil insanların
dilinə düşmüş kimi, qəribə və təhrif olunmuş formada ildırım sürəti ilə
yayılır. – Deyərək Eldar daha bir qurtum çaydan içdi.
-
İnanmıram! İnanmıram! Həqiqətən qəribə
nələrsə baş verir, mən bunu hiss edirəm. – Deyib, Malik artıq soyumuş çayını başına çəkərək
hamısını içdi.
-
Bəs yaxşı, nə baş verir? Harada baş
verir? Buna səbəb nədir? – Eldar hələ də inanmasa da soruşdu.
-
Bilmirəm! Heç kəs bilmir. Sadəcə bəzi
insanlar bunu araşdırır və gördüklərini, eşitdiklərin, hiss etdiklərini yazırlar. –
Malik dedi.