2.3 Şəhərə Eniş

12:14 AM

Eldar, o qədər də hündür olmayan hasarın yanı ilə addımlayaraq giriş qapısına çatdı və onun dəstəyindən tutaraq açmaq üçün aşağı çəksə də, qapı ona tabe olmadı. Qapı kilidli idi və o, bir müddət ətrafa boylandıqdan sonra, atlanaraq hasarın ucundan tutdu və güclü bir təkanla hasarın başına çıxdı.
Ev içərisində qarışıq, cərgəsiz əkilmiş ağacdan ibarət olan böyük bir həyətin tam olaraq ortasında idi. O, iki mərtəbəli,  giriş qapısı ortada və qapının önündə verandası olan bir ev idi. Qapının hər  iki tərəfində bütün divar boyu olan və yerdən birinci mərtəbənin tavanına kimi uzanan böyük pəncərələr isə birinci mərtəbənin ön və yan tərəflərini demək olar ki, tamamilə tuturdu. İkinci mərtəbədə isə iki eyvan və dörd pəncərə var idi. Evin damı isə ortada olan eyvanla bəzədilmişdi.
Hasarın başında duraraq keçmiş günlərini şəkil albomu kimi səhifələyən Eldar, albomun sonuna çataraq hasardan həyətə atlandı. Qaçmaqdan yorulmuş ayaqlarını hər zaman yaşıl və kəsilmiş olan yumşaq otların üzərinə basaraq evə doğru addımladı. Doğulub böyüdüyü evə yaxınlaşmağına baxmayaraq, özünü hələ də təhlükəsiz hiss etmirdi və onun daxilində, onu heç də xoş olmayan nəyinsə gözlədiyini hiss edirdi. O, qapıya çatıb əlini dəstəkdən tutsa da, onu açmağa ürək etmədi və yenidən aşağı düşərək pəncərəyə yaxınlaşdı. Əlini şüşəyə dayayaraq evin içərisinə baxdı. Qonaq otağı tamamilə boş idi.  Hər şey hər zaman olduğu kimi öz yerində idi. Daha sonra mətbəxə tərəf qaçaraq yenidən şüşədən içəri baxdı. Bura da tamamilə boş və səliqəli idi. Qapını açmağına mane olacaq heç bir şey yox idi və o, qapıya yaxınlaşaraq dəstəyini aşağı çəkib, içəri doğru irəlilədi.
Evin birinci mərtəbəsi qapıdan içəri girdikdə solda böyük zaldan, sağda isə onun ölçüdə olan geniş mətbəxdən ibarət idi. Evin böyük pəncərələri və açıq rəngli divarları evə xüsusi parlaqlıq və aydınlıq qatırdı. Zal böyük olsa da boş yer demək olar ki, çox az idi. Otağın bir küncündə divardan asılmış böyük televizorun önündə böyük divan və iki kreslo, pəncərənin tam önündə stol və stullar, digər küncdə isə ağ kərpiclə hörülmüş buxarı və onunda önündə duran daha iki kreslo var idi. Buxarının yanında isə  içərisi kitablarla dolu kitab şkafı dururdu. Döşəmə  isə tamamilə açıq qəhvəyi rəngli uzun tüklü pambıq kimi yumşaq xalça ilə döşənmişdi.
Evin içinə daxil olduğu andan sanki bütün dünya dəyişmişdi. Evin ətri Eldara yeni bir nəfəs vermişdi və o, daxilində yaranan rahatlıq və sakitlik hissi ilə bir neçə addım ataraq qapını arxası ilə bağladı. Boğazını bir qədər təmizləyərək  – Ana! Ata! Mən gəldim! – deyərək birinci mərtəbəni gəzdi.
Lakin ətraf tamamilə boş idi. İlk olaraq zala daxil olaraq ətrafa baxdı. Anasının fincanı divanın önündəki kiçik stulun üzərində, sevdiyi iki şokoladla dururdu. Biri yarıya qədər dişlənsə də, ikincisi toxunulmadan qalmışdı. Fincanın isə demək olar ki, tamamilə dolu idi. Daha sonra isə gözü masanın üzərindəki kağız topalarına və yıxılmış fincana sataşdı. Eldar masaya yaxınlaşaraq kağızlara baxdı. Onlar atasının hələ keçən il ona danışdığı, şəhərin mərkəzində tikilməli olan hündür mərtəbəli binaların eskiz layihələri idi. Yanında yıxılmış fincan isə atasına hansısa Avropada şəhərlərindən birində keçirilən tədbirdə hədiyyə edilmiş fincan idi. Yıxılmış fincanın içərisindəki çay stola və oradan da axaraq eskizlərin üzərinə keçərək, onlarda böyük çay ləkəsi yaratmışdı.
Gözünü masadan ayıran Eldar, tez geri qaçaraq mətbəxə və oranın da boş olduğuna əmin olduqdan sonra yuxarı qalxan pilləkənlərlə ikinci mərtəbəyə doğru qaçdı.
İkinci mərtəbə birinci mərtəbədən fərqli olaraq otaq sayının çoxluğu ilə fərqlənirdi. Ev uzunu boyu uzanan koridorun bir tərəfində iki hamam qapısı, digər tərəfində isə iki yataq otağı və iki əlavə qonaqlar üçün olan otağın qapıları var idi.
Pilləkənlərin sonuna çatan kimi Eldar, düşünmədən sağa dönərək anası və atasının yataq otağına girdi. Otaq tamamilə boş, təmiz və səliqəli idi. Qeyri adiliyi xatırladan heç bir şey yox idi və o, tez otaqdan çıxaraq koridor boyu olan bütün qapıları açaraq yoxladı. Lakin, koridorun digər başında olan öz otağına kimi olan bütün otaqlarda o, nə anasını, nə də atasını tapa bilmədi və son qalan öz otağının qapısının dəstəyindən yapışıb, onu əyərək araladı.
Eldarın otağı evin yeganə otağı idi ki, buranın quruluşuna anası qarışmamışdı. Otaqda olan hər şey Eldarın istədiyi kimi düzülmüşdü. Otağa girən kimi solda divara asılmış böyük televizor, ondan sonra evin küncündə yazı masası, onunla üzbəüz küncdə paltar şkafı, şkafın yanında, televizorla üzbəüz duran dəri divan və divanın yanında divar boyu qapıya tərəf uzanan yataq var idi. Otağın ortası isə tamamilə boş idi.
O, içəri girərək otağın ortasında bir anlıq dayanaraq ətrafa baxdı. Hər şey, son dəfə qoyub getdiyi kimi öz yerində idi. Otağın başına tərəf gedərək yazı masasının üzərindəki şəkli götürərək anasına, atasına və onların arasında xoşbəxt gülən balaca uşağa baxdı. Həmin uşaq özü olsa da, bir daha belə ürəkdən, belə qayğısız gülə biləcəyinə inanmırdı. Həyat deyəsən onu ən çətin əzabla sınayırdı. Sevdiyi anası, atası yox olmuşdu və onların bu xarabalıqlar arasında hara gedə biləcəkləri haqqında ən kiçik olsun belə fikri yox idi. Nə sevdiyi insanlar var idi, nə də sevdiyi şəhər. O, Şəkli bağrına basaraq otağın əks küncünə doğru addımlayaraq yatağına uzanıb, ayaqlarını uzatdı. Şəkli bağrından ayırmayaraq gözlərini isə boşluğa uzatdı. Bu cansız əşyanı qucaqlamaq hal hazırda ona yaxın və əziz olan iki nəfərlə yaxın olmağın yeganə yolu idi. Bəzən insanların daxilini isidən canlıdan çox, məhz səthi soyuq olan əşyalar olur ki, hazırda Eldar da məhz bunu yaşayırdı.

Yatağına uzanan Eldarın bədəni səhraya atılmış buz kimi əriyirdi. Əlləri, ayaqları, bədəni yumşalırdı. Sanki bütün bədəni əriyərək mayeyə çevrilirdi. Ətrafa müqaviməti göstərə bilmirdi. Beyni durub anasını, atasını axtarmağını tələb etsə də, bədəni buna etiraz edərək əzələlərini getdikcə daha da yumşaldırdı. Göz qapaqları da artıq ona qulaq asmırdı və yenidən  ağırlaşaraq tamamilə bağlandı.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Flickr Images