1. Başlanğıc
Eldar gözlərini açanda harada olduğunu
və nəyin baş verdiyini anlaya bilmirdi. Bütün bədəni soyuq, ağrı və ağırlıq içərisində
qovrulurdu. Açıq olsa da heç nəyi əks etdirməyən gözlərini qaranlıq sonsuzluğa
doğru uzatmışdı. Lakin, görə biləcəyi heç bir şey yox idi. Sanki qaranlıq bir boşluğa düşərək sonsuzluğa doğru
uçurdu. Bir müddət bu vəziyyətdə qaldıqdan sonra, çətinliklə ağır yük bağlanmış
kimi hiss etdiyi dirsəklərini yerə dayayaraq bədənini qaldırıb, divara söykədi.
Harada olduğunu xatırlamağa çalışırdı. Lakin, beynində dolaşan qarışıq fikirləri bir
yerə toplayıb, harada olduğunu xatırlaya bilmirdi. Hərəkətsiz halda bir müddət
divara söykəndikdən sonra, kürəyində artan ağrını hiss edərək yenidən uzanmağa
çalışdı.
Belində dayanmadan artan ağrını
azaltmaq üçün gah beli üstə, gah sağ yanı üstə, gah sol yanı üstə, gah da üzü
üstə uzanaraq, bir müddət azalan, lakin sonra yenidən kəskinləşən ağrını səngitməyə çalışırdı. Bir neçə dəfə təkrarlanan bu hərəkətlərdən sonra isə
artıq neçə müddət idi ki, yerdə
uzandığını unudan Eldar, var gücünü toplayaraq ayağa qalxdı. Lakin, bu heç bir dəyişikliyə səbəb olmadı.
Ətraf hələ də qaranlıq və dəyişilməz idi. Qaranlıq sonsuzluqda bilmədiyi bir
istiqamətə addım atmaq istəsə də, bunun əksinə müvazinətini itirərək səndələdi.
Bədənini bürüyən zəiflik hissi ondan əl çəkməyərək dizlərini qırırdı və o, əllərini
yanlara uzadaraq tutunmaq üçün bir şey axtarsa da, soyuq və sürüşkən divardan
başqa heç nəyə rast gəlmədi.
Ağır bədəni saxlaya bilməyən ayaqları
onun iradəsindən çıxaraq tamamilə qatlandı və Eldar əvvəlcə çiyini, daha sonra
isə başı ilə yerə dəyərək düşdü. Zərbədən ağrını hiss etməsə də qulaqlarından
başlayaraq, bütün beynini bürüyən nazik vıyıltı səsi ilə yeganə idarə edə bildiyi göz qapaqlarının da idarəsini
itirərək bağlanmasına mane ola bilmədi.
Eldar Gəncədə yaşayan ziyalı bir ailənin
tək övladı idi. Bütün tək övladlar kimi o da ailənin hər zaman maraq mərkəzində
qalaraq böyümüşdü. Tək olsa da ata və anası onu ərköyün böyüməyə qoymamışdılar.
Məktəb illərində cılız və sakit uşaq olduğundan, daima digərləri tərəfindən
zarafat və məzəyə məruz qalar, bəzən əlindəkilər alınar, bəzən də digərləri tərəfindən
döyülərdi. Lakin, bütün bunlara baxmayaraq o, heç zaman xasiyyətini, davranışını, istəklərini, düşüncələrini dəyişərək digər
sinif yoldaşlarına oxşatmağa çalışmamışdı. Yeganə məqsədi ona hər zaman evdə
deyilən - Oxuyaraq, böyük adam olacaqsan! – sözlərinə əməl etmək idi.
Məktəb illərindən sonra universitetə
daxil olan Eldar, artıq əvvəlki kimi cılız, sakit və nəzərə çarpmayan deyildi.
Uzun müddət üzgüçülüklə məşğul olduqdan sonra, artıq o cılız, zəif bədənli
uşağı, 182 sm boylu, enli kürəkli, iri əzələli, ağ dərili, qara saçlı, iri qəhvəyi
gözlü, uzun ayaqlı, cəlbedici bir gənc əvəz etmişdi. Bir zamanlar heç kəsin nəzərinə
belə gəlməyən Eldar, gündən-günə qızların diqqətini daha da çox cəlb etməyə
başlayırdı və qızlar artıq ondan əl çəkmirdilər. Şorgözlüyə heç zaman meyli
olmayan Eldar, bir qızı çıxmaq şərti ilə digər bütün qızlara yalnız dost kimi
yanaşırdı. Digərlərindən ayırdığı qız isə ona fikir belə verməyən, paralel qrupdakı Dəniz idi. İlk dəfə o, Dənizi
heç vaxt başa düşmədiyi və hər zaman ən mənasız fənn hesab etdiyi fəlsəfə dərsində
görmüşdü. Ona görə hər şeyin dərininə gedən və ona darıxdırıcı gələn bu dərsdə getməyən zamanı, yalnız Dənizə baxaraq keçirmək mümkün idi. Dəniz isə
ona tərəf bütün bu dərslər ərzində bir dəfə də olsun çevrilib baxmamışdı. Dənizin
ona baxması da mümkün deyildi. Çünki o, həmin dərsdə sanki daxili həyatını
yaşayırdı. Həmin an onun ala gözləri bir başqa parlayırdı. Çox həzin, axıcı, bəzən isə
hisslərə qapılaraq titrək səslə fikirlərini söyləyər, hərdən isə sanki heç bitməyən
suallarını verərdi.
Eldara Dənizi sevdirən əlamətlərin sayı
hesabı yox idi. O, Dənizin iri ala gözlərinə, bəyaz dərisində bəzən qızaran yanaqlarına, kiçik
burnuna, nazik uzun qaşlarına, qəhvəyi və çiyindən bir qədər uzun olan dalğalı
saçlarına vurğun idi. Düz uzun ayaqları üzərində uzanan nazik beli isə onu yeriyərkən, sanki
dünyanı durduraraq, tək hərəkət edən yeganə varlığa çevirirdi.
Dəniz qəribə qız idi. Aralarında sadəcə
salamdan başqa heç nə olmasa da o, Eldarı dəyişdirirdi. Bildiklərinə güvəndiyi
halda belə qabaqda oturmayan Eldarı, ən pis bildiyi fəlsəfə dərsində qabaq
sıralarda oturmağa məcbur edən də məhz Dəniz idi. O, suallara cavab verə bilməyəcəyini
bilə-bilə, Dənizə bir sıra arxada və iki-üç cərgə kənarda otururdu. Bütün bunun
səbəbi isə sadəcə olaraq Dənizi görə bilmək idi. Eldara görə o, dünyanın ən gözəl qızı idi. Əslində də hər
şey elə idi. Onun yanağındakı zənəxdanı, gözlərindəki dərinliyi, uzun kirpikləri,
nazik balaca burnu, qan qırmızısı dodağı Dənizdən göz çəkməyi qeyri-mümkün edirdi.
Eldar bütün insanlarla, xüsusən də
qızlarla rahat münasibət qura bilsə də Dənizlə hər şey fərqli idi. Onu görəndə
boğazı düyünlənirdi və salamdan başqa heç bir söz deyə bilmirdi. Dostu Malik isə
bu halını görəndə daima – A kişi, bax bu qıza yaxınlaşmasan, sənöl əlindən
çıxacaq. – deyərək gülürdü.
Hələ uşaqlıqdan bəri onunla dostluq edən
Malik, sözün əsl mənasında civə idi. O qədər hündür olmayan boyu, bir qədər
uzun qara qıvırcıq saçları, arıq bədəni, daima gülüşlə parlayan gözləri və səlis tez
danışığı ilə o, istənilən şəraitdən, istənilən vəziyyətdən, hətta yanlışı
olduğu vəziyyətlərdən belə ilan kimi qıvrılaraq çıxmağı bacaranlardan idi.
İlk tanışlıqları 15 il öncə, Malikin atası Əbdül bəyin işləri ilə əlaqədar
olaraq Gəncəyə köçdükləri zaman baş vermişdi. Şəhərin mərkəzindən bir qədər
aralı, sakit bir məhəllə axtararaq, onlar Eldar gilə qonşu olmuşdular.
Dostluqları da elə o zamandan başlayaraq, bu günə kimi gəlib çıxmışdı. Məktəbdə
eyni sinifdə oxuduqdan sonra, eyni universitetə də daxil olaraq dostluqlarına
davam edirdilər.
Adəti üzrə bir müddət gözdən itərək,
heç kəsin bilmədiyi məlumatları toplayaraq gələn Malik, o günlərdən
birində yenə itərək – Eldar, sənə bir hədiyyəm var. – deyib, peyda oldu və ona kiçik bir
kağız uzatdı.
Eldar səliqə ilə qatlanmış kağızı
açdıqda, içərisinə səliqəli xətlə yazılmış 10 rəqəmli nömrəni və altında Dəniz
yazısını gördü.
-
Mən olmasam batarsan – Malik kiçik gözləri
ilə bic-bic hələ də çaş-baş qalmış Eldara baxaraq güldü. – Hə onu da deyim ki, bu nömrəyə görə Aytənə ətir söz vermişəm. Bundan istifadə edə bilməsən, onun pulunu səndən
alacağam. – Deyərək qıraqdan keçən qıza göz vuraraq onun arxasınca getdi.
Eldar bir daha kağıza baxaraq həyəcandan
əsən əlləri ilə axan gözlərini rəqəmlərə yönəltməyə çalışırdı. Qarışmış hissləri
ilə hərəsi beyninin bir küncünə atılmış fikirlərini bir yerə toplamağa cəhd
edirdi. Suyun üzərinə düşmüş boya kimi yaxılan rəqəmlər getdikcə qarışmağa başladı və
o, yaşaran gözlərini yumaraq bunun bitməsini gözləməyə çalışdı.
– Eldar! Oyan! – Deyərək yaxınlaşan səs və addımlar
Eldara gözlərini açdırdı. Bir saniyə öncə universitetin koridorunda olan Eldar,
indi ağır nəfəs alaraq əlləri ilə gözlərini ovuşdurub, hazırda olduğu
qaranlığın nə yer olduğundan baş açmağa çalışırdı. Qaranlıqda heç nə görməsə də
ona yaxınlaşan addım səslərinə tərəf çevrilərək gözlərini qaranlığa zilləyib, addımların nəhayət ona çatmasını gözləyirdi
ki, qaranlıqdan düz gözünə düşən işıq bir anlıq gözlərini qamaşdırdı. Eldar
gözlərini qıyaraq koridordan düşən işığın şüaları arasındakı qaranlığa baxanda, anası Nübar xanımı gördü.
-
Bala, bu nədir? Səhər qatardan düşəndən bəri yatırsan.
Dur görüm! Qalx! Qalx! Artıq axşamdır! Pərdələri də çəkib otağı lap zindan eləmisən. Gəl nahar
eləməyə! Atan da gəlib. – Deyərək ona etiraz etməyə imkan verməyərək otağın
işıqlarını yandırdı.
Nübar xanım orta boylu, arıq bədənli,
çiyninə kimi olan qara saçlı, ağ dərili və çox xoş səsli bir qadın idi. Tək
övladı olan Eldarın hər zaman nazı ilə oynasa da bəzən xoş xasiyyətini daxilən
boğaraq yetərincə sərt olmağı da bacarırdı.
Eldar sərxoşlar kimi yırğalanaraq
yerindən qalxıb, yatağın kənarında oturdu. Başı sanki onun deyilmiş kimi bədəninə
ağırlıq verirdi və o, dirsəklərini dizinə dayayaraq başını əlləri arasına aldı.
Gözlərini yerə zilləyərək yuxu sərsəmliyindən ayılmaq istəyirdi ki, cərəyan
vurmuş kimi yerindən sıçrayıb, yatağını axtarmağa başladı. Qısa bir axtarışdan sonra, nəhayət ki, yatağın
divar tərəfinə əlini dürtərək telefonunu dartıb çıxardı.
Malikin nömrəni verməsindən düz üç ay keçməsinə
baxmayaraq o, hələ də Dənizə nə zəng etmişdi, nə də mesaj yazmışdı. Növbəti gün
onunla göz-gözə gəlməkdən çəkinərək tətillərin
başlamasını gözləmişdi. O, həyəcandan əsən əlləri ilə telefonun kilidini açaraq
mesaj bölməsinə girdi və yalnız qatardan düşdüyü səhər yazdığı mesaja gəlmiş
cavabı oxumaq istəsə də cavab yox idi. Orada sadəcə onun yazdığı sadə mesaj var
idi. – “Salam Dəniz. Necəsən? Eldardır. Səbəbini bilmirəm. Sadəcə yazdım.”