Yanan ekranın işığı ilə aydınlanan
divarda illər öncə yazılmış Eldar və Malik yazılarını görən kimi mağarada
olduğunu xatırlayan Eldar, yavaş-yavaş bura necə gəlib çıxdığını xatırlamağa
başladı və Malikə zəng etməli olduğunu xatırlayaraq onun nömrəsini yığdı. Lakin telefonda zəng düyməsini basan kimi telefon bunu rədd edərək,
əsas ekrana qayıdırdı. Səbəb isə telefonda deyildi, səbəb
telefonda şəbəkənin olmaması idi. Bu halda şərait dəyişmişdi və hazırda Eldara lazım
olan yalnız şəbəkənin yaranmasını gözləmək idi. Lakin şəbəkə yaranmaq bilmirdi və
telefon hələ də heç bir nömrə yığımına reaksiya vermirdi. Mağaranın içərisində telefonun tutmadığını düşünən
Eldar, gözləmənin faydasız olduğunu görərək, çıxışa getmək qərarına gəldi. Bədənindəki son qüvvəni toplayaraq o, yerə dayadığı əli ilə təkan verib
ayağa qalxdı və divara söykənərək mağaranın içərisindəki kiçik döngəni dönərək
çıxışa tərəf baxdı.
Əlindəki telefonun ekranı ilə aydınlatdığı çıxışa baxan Eldar yerində donaraq qaldı. Telefonun ekranından süzülən zəif
işıqla aydınlanan mağaranın çıxışı yoxa çıxmışdı. Daha doğrusu çıxışda böyük
qaya duraraq, onu tamamilə bağlamışdı. O, nə edəcəyini bilmirdi və halsızlıqdan
titrəyən ayaqları üzərində daha dura bilməyərək, dizlərini yerə ataraq dərin bir nəfəs almağa
başladı. Əlindən düşən telefonun işığı ilə aydınlanan hissədə isə qəribə bir işıq əks olunmağa başladı. İlk gördüyü zaman bunun nə olduğunu başa düşməsə də, axan gözləri ilə diqqətlə baxdıqda o, girişi örtən qayanın dibindən
axaraq, yerdəki çökəkliyə yığılan suyu gördü. Bunu gördüyü anda onun daxilində sanki
vulkan püskürməsi baş verdi və heç zaman hiss etmədiyi su içmək istəyinin əsirinə
çevrildi. Ayağa qalxmağa taqəti olmasa da su içmək istəyi ilə o, iməkləyərək
suya çatıb, dodağını ora saldı. Nəmlənən dodağından sanki cana gələrək o, var gücü ilə
sovuraraq su içmək istəsə də bunu bacara bilmədi. İçdiyi ilk qurtum suyu udan anda həmin su, bədəninə sancılmış xəncər kimi aşağı
doğru sinəsini kəsərək sanki mədəsində ilişib qaldı. Nəfəsini kəsən və heç
zaman hiss etmədiyi bu hissin ağrısı ilə bir neçə saniyə yerdə qıvrılan
Eldar sanki son nəfəsini yaşayırdı. Bu hiss isə uzun çəkmədi və bir neçə saniyədən
sonra, ağrının azalması ilə o, ağrıdan daha güclü olan susuzluq hissinə tabe
olaraq yenidən əyilib, bu dəfə daha sakit və daha təmkinlə yerdəki suyu
sovurmağa başladı. Su bu dəfə ağrı vermədi və əksinə onun quruyan bədəninin hər nöqtəsi, içilən suyu sanki özünə çəkərək bütün bədənini canlandırmağa
başladı. Çökəkliyin nə qədər su tutduğunu bilməsə də o, artıq içə bilməyəcəyi qədər
su içmiş və özünə gəlmişdi.
Zaman keçirdi. Telefonun şəbəkəsi isə hələ
də yaranmaq bilmirdi və Eldar yerdə uzanaraq qayaya söykədiyi ayaqları ilə onu
dayanmadan itələməyə davam edirdi. Lakin qayanın tərpənmək fikri yox idi. O,
sanki canlıymış kimi, Eldarın hər təkanına etiraz edərək tərpənməyəcəyini bildirirdi.
Getdikcə taqətdən düşən Eldar bir müddət
sonra, qayanı itələmə cəhdlərindən də əl çəkərək ayaqlarını yerə uzatdı.
Qaranlıq mağaranın səssizlyini uzun müddət Eldarın nəfəsi pozsa da, qəfil bu səsə
telefondan gələn qısa siqnal səsi də qoşularaq əks-səda ilə yayıldı.
O, əlini böyük ümidlə telefona atsa da ekranda gördüyü onun qırılmış ümidlərindən yeni cücərənləri
də məhv etdi. Siqnal telefonun enerjisinin aşağı düşməsini bildirən siqnal idi.
Hələ səhər onu tam yüklədiyinə əmin olsa da onun belə tez bitməsindən əsəbləşərək ona qənaət etmək üçün telefonu tamamilə söndürüb, cibinə soxdu.
Telefonun sönməsi ilə ətrafa düşən
qaranlıq mağara üzərində öz hakimiyyətini yenidən ələ aldı və hər tərəfi zülmət qaranlığa bürüdü. Qaranlıqda
insan hisslərinin güclənməsi Eldara bəlli idi və o, bir müddət sonra eşitmə, görmə qabiliyyətinin
güclənəcəyini gözləsə də bunlardan heç biri olmadı. Onun əvəzində isə keçmiş günlərdən
olan xatirələri güclənməyə başladı.
İlk öncə canlanan xatirə Dənizin gözləri idi və o, bunu xatırlayaraq öz-özünə məzəli bir səslə danışmağa başladı. – İki il o
qızı tanıdın. Bir dəfə də olsun yaxınlaşıb sözünü deyə bilmədin.
-
Niyə?
-
Çünki, yox cavabından qorxurdun. Qorxurdun ki, yox deyərək sənin
qürurunu sındırar.
-
Bəs qaya? O bayaqdandır sənə yox deyir.
Sən isə əl çəkmədən onun sürüşməyini istəyirsən. O isə yox deməyə davam edir. Bax
gör bir nə günə düşübsən? Onun isə sənə heç yazığı belə gəlmir.
Eldar bir müddət susdu və susduqca
beynində anasının nigarançılığı, Malikin ona hələ çayxanada ayrıldıqlarını deməsi, atasının axtararaq tapa bilmədiyini dediyi zaman onun ağlaması canlanmağa başladı. O,
ölməkdən daha çox, anasının ağlamasının ona çətin olduğunu bilirdi. Bəlkə də buna görə də o, bütün
qüvvəsi ilə qayanın ona nə qədər yox deməsinə baxmayaraq, onu itələməyə davam
edirdi. Bu dəfə o utanmırdı. Səbəb mağarada tək olması deyildi. Lazım gələrsə
bütün dünyanın önündə də cəhd etməyə hazır idi. Ona güc və cəsarət verən hər şeydən, hər kəsdən
çox sevdiyi anası idi.
Qaranlıqda boşluğa baxmaqdan Eldarın
gözləri getdikcə daha çox yanmağa başlayırdı. O, zülmət içərisində heç gözünü
qırpıb-qırpmadığını da belə hiss etmirdi və heç də xoş olmayan bu hisslərdən
qurtulmaq üçün gözlərini yumaraq hər şeyi unutmağa çalışdı.
Buludsuz, parlaq günəşli və həzin küləyin
əsdiyi bir gün idi. Ətrafda yalnız alçaqdan uçan qaranquşların, ayağını sürtərək
səs çıxaran çəyirtkələrin, küləkdən dalğalanan ot zəmisinin xoş musiqi kimi səslənən ahəngindən başqa heç nə yox
idi.
Eldar dəmir yolu relslərinin yanında ağacdan
düzəldilmiş skamyanın üzərində oturaraq ovcuna yığdığı kiçik daşlar ilə üzərisində
sarı dairə olan nişanı vurmağa çalışırdı. Şəhərlərə çatmamış adətən qoyulan bu nişan, qatarlara
sürətlərini azaltmalı olduqlarını bildirirdi. Eldar hələ uşaqlıqdan qalan adəti ilə relslərin üzərinə
düzdüyü dəmir qapaqların, qatarın təkərlərin altında qalaraq əzilməsinə baxmaq
üçün qatarı gözləyirdi. Bu dəfə isə o, qapaq yerinə cibində olan qəpikləri düzərək
qatarı gözləyirdi. Əlindəki daşları atıb qurtardıqdan sonra, əyilib yeni daş
götürməyə tənbəllik edərək sağa çönüb baxdı. Qatardan isə əsər-əlamət belə yox
idi. Yalnız az yüksəkliyə qalxmış və şüalarını birbaşa gözlərinə salan günəş
var idi.
Qatarın hələ gəlmədiyinə əmin olaraq, yenidən düzdüyü qəpiklərə bir müddət baxdıqdan sonra, əyilib yerdən daş götürmək istədi ki, ətrafa qəfil qəribə səssizlik çökdü. Bir saniyə öncə açıq-aydın
olan göy üzünü sürətlə hərəkət edən və göydə bir-birinə
qarışan boz buludlar örtməyə başladı. Aramsız gəzən həzin külək
də, öz gəzintisini bitirərək ətrafı sükunətə boğdu. Alçaqdan uçan qaranquşlar və
səs salan çəyirtkələr də sanki yoxa çıxmışdılar. Eldar bu qəribəlikdən bir qədər təəccüblənərək
ayağa qalxaraq ətrafı iti nəzəri ilə süzdü.
Boz buludun arxasında gizlənmiş günəşin
süzülərək keçən şüaları arasından uzaqdan qara tüstüsünü yuxarı buraxaraq, ona tərəf
yaxınlaşan qatarı görməyə başladı. Yalnız filmlərdə gördüyü tüstüləyən qatarı bu dəfə Eldar canlı görməyə
hazırlaşırdı. Qatar isə hər zaman olduğundan sanki daha sürətlə yaxınlaşırdı. Tüstü və taqqıltı ilə yayılan səs isə getdikcə daha da güclənirdi. Qatar həqiqətən də əvvəlkilərdən qat-qat sürətli idi və onun özündən əvvəl gələn
külək dalğasının gücü o qədər böyük idi ki, ona bir addım geri atdıraraq
müvazinətini qorumaq üçün ayaqlarını yerə dayamağa məcbur etdi. Eldar gələn küləklə üzünə çırpılan toz,
qurumuş ot və yarpaqlardan üzünü qorumaq üçün əli ilə üzünü tuturdu. Digər əli ilə isə
skamyadan yapışaraq yıxılmamağa çalışırdı. Getdikcə artan külək və səs ilə
qatar nəhayət ki, skamyanın yanına çataraq duran sarı nişana belə fikir vermədən azalmayan sürəti ilə keçdi. O, ildırım sürəti ilə relsərin üzərisi ilə şütüyərək
şəhərə doğru istiqamətlənirdi. Təkərlərin
altında qalan qəpiklərdən isə əsər-əlamət belə yox idi. İşıq sürəti
ilə keçən qatar, sonu yoxmuş kimi uzandıqca uzanırdı. Eldar üzünü qoruduğu əlinin altından bir daha relslərə diqqətlə baxanda, relsin üzərinə qoyduğu qəpiklərdən
birini gördü. O, sanki üzərindən keçən təkərləri hiss etmirdi. Rels isə qəpik
üzərindən, kiçik hündürlükdən düşən təkərlərin zərbəsinə dözməyərək, yerdə
yaratdığı titrəyişlərlə kiçik bir çatla aralanmağa başladı. Çatlayan relsin kəsiyi isə tezliklə torpağa keçərək böyüməyə davam etdi.
Eldar nə baş verdiyini hələ də başa düşə
bilmirdi. Çat isə artıq böyüyərək onun ayaqları arasından keçərək uzaqlara
doğru gedirdi. Getdikcə daha çox titrəyən yer, relsləri yerindən oynatmağa başladı
və qorxunc bir gurultu ilə relslərdən kənara əyilən qatar Eldarın üzərisinə
yıxılmağa başladı.
Yerə dayadığı ayaqlarını və skamyadan
tutduğu əlini boşaldaraq qaçmaq istəsə də nə ayaqları, nə də əlləri Eldarın
sözünə qulaq asmadı. O, sanki yerində donub qalmışdı və gözləri ilə üzərisinə gələn
qatara baxaraq var gücü ilə qışqırıb, gözlərini
getdiyi yuxudan açdı. Qatarın yuxuda olmasını yenicə dərk etmişdi ki, mağara da relslərin
yanında olduğu kimi gurultulu bir səslə titrəməyə başladı və çox uzun çəkməyən
bu titrəyişlər, tezliklə kəsilən səslə birlikdə dayandı.
Gördüyü yuxudan buz kimi tərlə oyanan
Eldar dirsəklənərək oturmaq istədi ki, gözlərinə onları qamaşdıraraq yummağa məcbur edən bir
işıq düşdü. Qaranlıq mağarada onun gözünə düşən
işığın da yuxuda olub, olmadığını dərk etməyən Eldar, əli ilə gözünü tutaraq işıq gələn tərəfə baxdı.
Görünən mənzərə inanılmaz idi. Qaranlıq mağaranı
aydınlaşdıran, girişi tutan qayanın qıraqlarından içəriyə süzülən zəif günəş
şüaları idi.
Eldarın yuxudan oyandığı zaman hiss
etdiyi titrəyiş zamanı girişi tutmuş qaya bir qədər sürüşərək aşağı düşmüşdü və o, Eldarın
çölə çıxmaq ümidlərini yenidən oyatmışdı. Durmaqdan başqa çarəsi olmayan Eldar, var gücünü toplayaraq ayağa qalxıb, əli ilə buz
kimi qayaya toxundu. Son ümidini buna bağlayaraq dərindən aldığı bir nəfəslə,
onu var gücü ilə itələdi. İlk əvvəl heç bir şey baş verməsə də tezliklə yuxarıdan üzərisinə düşən
qum dənələri ilə qaya ağır-ağır tərpənməyə və qatı bir toz dumanı qaldıraraq
güclü bir səslə sürüşməyə başladı.
Sürüşən qayanın tozu və tökülən
qumun altında qalmamaq üçün geri çəkilərək
gözlərini yuman Eldar, onları bir də ciyərlərini tamamilə dolduran təmiz havanı çəkdikdən sonra açdı. Artıq çökməkdə
olan tozun arxasında çöldən düşən günəşin şüaları daha aydın görünməyə başlanmışdı.
Eldar ləng addımlarla çıxışa doğru
addımlayaraq kiçik düzlükdə dayanıb, doğma şəhərinə ikinci dəfə dünyaya gəlmiş kimi
baxdı. Lakin doğma şəhəri onun son dəfə gördüyü kimi deyildi. Mağarada qaldığı müddətdə onun görmədiyi şəhər
tamamilə dəyişmişdi. O, demək olar ki, yerlə yeksan olmuşdu. Göz boyu uzanan
ərazilərdə bir dənə də olsun hündür bina
qalmamışdı. Bir neçə bir mərtəbəli evlərdən, uzaqda yüksələn məscid minarəsindən
və şəhərin tam kənarında olan zavodun bir zamanlar iki dənə olan hündür borularından sağ qalmış birindən başqa demək
olar ki, heç nə qalmamışdı. Yollar
atılaraq tərk edilmiş avtomobillərlə dolu idi.
Bir qədər önə addımlayaraq sola baxan Eldar, şəhərin bu hissəsinin
də eyni vəziyyətdə olduğunu gördü. Mənzərənin səbəbinin nə olduğunu başa düşməyərək,
beynində fırlanan fikirlərlə şəhəri gəzirmiş kimi o, başını ləng
çevirmə ilə şəhərin görünən hər nöqtəsini süzdü. Meşəyə kimi dəyişilmədən
qalmış heç nə yox idi. Meşə isə sanki heçnə baş verməmiş kimi öz yerində
qalmışdı. Qeyri ixtiyarı başını hələ də sağa çevirən Eldar, meşəni də keçərək,
onun sonundakı sanki sonsuzluğa tərəf uzanan düzənliyə baxanda, gördüyü mənzərədən bir neçə addım geri ataraq yerə
yıxıldı.
Meşədən təxminən 10 kilometr uzaqlıqda, bir zamanlar düzənlik olan ərazidə, 800-1000 metr hündürlüyündə yaranmış
dağa baxaraq o, əsən dodaqları arasından güclə eşidilən
bir səslə – Bu nə zibildir?
– deyib, susdu.