2. Şəhərə
Eniş
Şəhərin demək olar ki, çox hissəsi dağılmış, böyük binalardan isə əsər
əlamət belə qalmamışdı. Onların yerində yalnız yerdən yüksələn dağınıq təpələr
özlərini göstərərək baş vermiş faciədən xəbər verirdi. Bir zaman 5 mərtəbəli, 9
mərtəbəli və daha yüksək mərtəbəli olan binaları sanki kimsə əli ilə əzib, qum
dənələri halına gətirərək bir topaya yığmışdı və adama elə gəlirdi ki, güclü
külək əssə, illər boyu yüzlərlə insanı soyuqdan, yağışdan, qardan, çovğundan,
küləkdən qoruyan o bina divarlarının qalıqları indi uçub gedəcəkdi.
Az mərtəbəli evlər də ya tamamilə dağılmış, ya da bir hissəsi çökərək
digər hissəsini dağılmış hündür binaların qalıqları arxasında gizlətməyə
çalışırdı.
Vıyıltı ilə avtomobillərin keçdiyi dairəvi yol isə atılmış avtomobillərlə
dolu tərk edilmiş oyun meydançasını xatırladırdı. Sanki oyuncaqlarını
oynadıqdan sonra yığışdırmağı sevməyən uşaq kimi, burada da kimsə bütün maşın
oyuncaqlarını yolda ataraq getmişdi.
Eldar nəyin baş verdiyini hələ də dərk edə bilmirdi. Gözlərini bərəldərək
ətrafa baxır, şəhəri süzərək bir dənə də olsun həyat əlaməti, həyat işarəsi axtarırdı.
Şəhər isə cansız bədən kimi səssiz və tərpənməz idi.
Mağaranın önündə bu vəziyyətdə nə qədər durduğunu artıq xatırlamasa
da, bunun uzun zaman olduğunu, günəşin boynunu yandırmağından hiss etdi və yalnız bundan sonra
bir qədər özünə gələrək, bədənini bürüyən hisslərin təsirini duymağa başladı.
Onlar isə heç də xoş deyildilər. Aclıq, susuzluq, gicgahını hələ də bıçaq kimi
kəsən ağrı, gördüyü mənzərənin ürəyinə saldığı ağırlıq, günəşin bədən hərarətini
artırması onu tamamilə taqətdən salaraq, mağaradan çıxmağa cəhd etdiyi zaman
ümidin verdiyi qüvvəni də sovuraraq aparmışdı. Ayaqları yenidən onu saxlamaqda
çətinlik çəkdi və o, dizlərini qatlayaraq onları yerə qoydu. Başını isə məğlub
edilmiş döyüşçü kimi aşağı əyərək gözlərini yerə zillədi və hər dəfəsində artan ürək
döyüntülərini bütün damarlarında hiss etməyə başladı. Nəfəs almaq da getdikcə çətinləşirdi.
Nə etməli olduğunu düşünməyə çalışsa da, beyni ona qulaq asmırdı. O, qəribə
qarışıqlıq içində idi və hələ də yuxuda olduğunu sanırdı. Lakin, yerdəki iti
daşın dizini kəsərək ağrıtmasına baxmayaraq, hələ də oyanmaması bunun yuxu
olmadığına işarə edirdi. Daha bir müddət bu vəziyyətdə durduqdan sonra, dizindəki ağrıya dözə bilməyib, geri iməkləyərək mağara girişi tərəfdə
yerə oturaraq kürəyini dağa söykədi. Bir neçə dəqiqə sonra isə dizlərini qatladı və əli ilə onları qucaqlayaraq başını dizinin üzərisinə qoyub, zamanın keçməsini və onunla birlikdə hər
şeyin düzəlməsini gözləməyə başladı.
Günəşin getdikcə yüksəlir və hələ də dəyişən heç bir şey yox idi.
Oturduğu yerdən uzun müddət tərpənmədən bir nöqtəyə zillənən Eldarın
baxışlarını hərəkətə gətirən, günəşin önündən keçən bulud topasının kölgəsi
oldu və o, özündən asılı olmayaraq gözünü kölgənin hərəkət etdiyi istiqamətə
yönəldərək onun şəhərin üzərisi ilə hərəkət etməsini izlədi. Kölgə meşənin üzərisindən
süzülərək yola, oradan da xarabaya dönmüş şəhərin üzərisinə keçib, dərinliklərə
doğru irəliləməyə başladı. Dağılmış evlərin, tikililərin üzərisi ilə Eldar da
baxışlarını süzdürərək dərinliklərə doru hərəkət edirdi. Yolda dayanan avtomobillər, bir
zamanlar telefon qovşağının binası olan, indi isə böyük dağıntı qalağını
xatırladan topa, kiçik dağılmış evlər, mağazalar, yenidən evlər, dağılmamış bir
dənə qırmızı damlı ev, yenidən dağılmış evlər, yarısı dağılmış, yarısı qalmış
böyük tikili və beləcə bir-birini əvəz edən xarabalıqlara baxaraq, Eldar da
uzaqlara gedən kölgə ilə uzaqlaşırdı. Bulud, isə uzaqlaşdıqca kiçilir və çətin
görünən olmağa başlayırdı. Nəhayət tamamilə uzaqlaşdıqdan sonra, yox olduğu yerdə baxışlarını
donduraraq qalan Eldarı cibindən gələn səs ayırdı. İlk öncə nəyin baş verdiyini
başa düşməsə də o, tezliklə özünü toparlayaraq əlini cibinə saldı və artıq açdığını belə unutduğu telefondan səs gəldiyini
görərək, uzağa baxmaqdan yaşaran gözlərini bir qədər sıxıb ekrana baxdı. Orada “Maliki təbrik et” yazılmışdı.
Eldarın hər zaman ən zəif yeri tarixləri unutmaq idi və buna görə də
o, demək olar ki, bütün tanışlarının ad günün telefonun təqviminə qeyd etmişdi.
Bu gün də Malikin ad günü idi. Əslində kimin ad gününü unutsa da Malikin ad
gününü o heç vaxt unutmurdu. Çünki, onlar hər zaman ad günündə ikisi birləşərək
evdəkiləri bir süfrəyə yığıb, birlikdə manqal yandırar və kabab bişirərdilər.
İlk zamanlarda əti ya yandırar, ya da çiy bişirərdilərsə, son vaxtlar hər ikisi də bu işdə
ustalaşaraq çox ləziz kabablar bişirməyi öyrənmişdilər. Hətta özlərinin xüsusi
basdırma üsulları da var idi ki, həmin üsulu da heç kəsə bölüşmürdülər.
Eldar dostunu xatırlayaraq gözünü telefondan ayırıb, Malik gilin
evinə tərəf baxdı. Xarabalıqlar arasında tapmaq bir qədər çətin olsa da o,
tezliklə uşaqlıqdan qalmış bacarığı ilə lazım olan yeri tapdı. Malik gilin evləri
də digər evlər kimi dağılmış və yerlə yeksan olmuşdu. Həmin ərazidə yalnız bir
ev sağ qalmışdı ki, bu da bir müddət öncə buludu izlədiyi zaman gördüyü həmin o
qırmızı damlı ev idi. Dağılmamış evə gözlərini
qıyaraq daha bir neçə saniyə baxan Eldar, onun hansı ev olduğunu xatırlamağa
çalışırdı ki, bədənindən sanki yüksək gərginlikli cərəyan keçmiş kimi onu yerindən sıçradaraq ayağa qalxmağa məcbur etdi. Həmin qırmızı damlı ev, onların öz evləri idi. Cəmi bir neçə saat öncə atası və
anası ilə bir süfrə başında oturaraq şam etdiyi, özünü dərk edəndən bəri
tanıdığı, böyüdüyü ev idi və o, tamamilə zədəsiz
görünürdü.
-
Anam, atam, onlar sağdırlar! – Deyərək həyəcandan əsən əlləri ilə telefonunu
cibinə salıb, ayağından çıxardığı ketləri tez geyinməyə başladı.
Bir neçə saniyə sonra, artıq ketlərinin də ipini bağlayan Eldar, düzlüyün qırağında duraraq aşağı düşməyə
hazırlaşırdı. Lakin, bu o qədər də asan iş kimi görünmürdü. Qalxmaq asan olsa da, buradan
düşmək bir qədər çətinlik yaradırdı. Uşaq vaxtı kiçik çıxıntılara ayağını, əlini qoyaraq düşürdüsə, hazırda bu çıxıntılar Eldar üçün kiçik və
yetərsiz görünürdü və daha bir müddət enişə baxdıqdan sonra, başqa üniş üçün yerin olmadığına əmin olaraq yerə oturub, ayağını aşağıdakı kiçik bir
çıxışa doğru salladı. Bir neçə ardıcıl edilən cəhd boşa çıxsa da, israrından əl çəkməyən Eldar, nəhayət ki, ayağının daban hissəsini kiçik çıxıntıya ilişdirdi və əlləri ilə
özünü yavaş-yavaş aşağı buraxaraq, hələ də çox
qüvvətli olmayan ayaq əzələlərinə güvənərək ayağının üzərisində durdu. O, üzü şəhərə, arxası isə dağa tərəf duraraq növbəti
addımını hara atacağını düşünürdü. Bayaqdan əsən külək Eldara sərinlik, xoş hiss verirdisə, hazırda həmin külək kiçik çıxıntı üzərində duran Eldarı sanki var gücü
ilə yıxmağa çalışırdı. Eniş üçün hələ cəmi bir cəhd etməsinə baxmayaraq o, artıq təngnəfəs
və taqətdən düşmüş idi. Onu saxlayan ayaqları uzun yay kimi titrəyir, əlləri isə
sözünə qulaq asmaq istəmirdi. Başını yuxarı qaldıraraq düşdüyü yerə baxaraq geri qayıtmaq istəsə də, onu yuxarı qaldıracaq
qolları hazırda o qədər də qüvvətli deyildi. Gediləcək yeganə yol, sola tərəf
idi ki, o da ayaqlarının tamamilə idarəsindən çıxmasını gözləmədən, ehtiyatlı addımlarla sola doğru irəliləməyə başladı. Cəmi bir neçə
addım irəliləməsinə baxmayaraq, bu ona qət edilmiş uzun yol kimi görünürdü.
Getməli olduğu yerə isə hələ bir neçə addım qalmışdı və o, sona doğru
addımladıqca daha da tələsməyə başlayırdı. Tələsik atdığı bir neçə addımdan sonra isə bu tələsiklik özünü göstərdi və ayağı altından sürüşən daşla, Eldar da aşağı doğru
sürüşdü. Hər şey o qədər sürətli və o qədər ani baş verdi ki, Eldar bədənini bürüyən qorxu və həyəcanla nə etdiyini dərk etməsə də, bir neçə
saniyə sonra özünü bayaqdan sözünə qulaq asmayan əlləri
ilə kiçik daşdan yapışaraq sallaqlı vəziyyətdə tapdı.
Əlləri ilə daşdan yapışaraq havada sallanan Eldar, gülür və bu vəziyyətdə ağlına belə bir şeyin necə gəlməsini dərk
etmədən, bir zamanlar tam olaraq bunun haqqında
oxuduğu bir məqaləni xatırlayırdı.
Adrenalin və ya qorxu hormonu adlanan bu məqalə, insanın qorxması
zamanı bədənində gedən dəyişikliklərdən bəhs edirdi. Belə ki, insan qorxduqda
onun ürək döyüntüləri ani bir anda sürətlənir və bu da adrenalinin təsiri altında arterial təzyiq artırır. Bu isə bədəndəki dözümlülüyü və gücü
qat-qat artıran səbəbdir.
Daha bir müddət sifətində
yaranmış axmaq gülüşə davam etdikdən sonra, Eldar əlləri ilə irəliləyərək, ona lazım olan yerə tərəf yaxınlaşmağa başladı. Lazım olan yerə çatdıqdan
sonra isə əl ilə tutmağa daha rahat olan həmin hissədə o, ayağı ilə kiçik bir təkan
verərək, tutduğu yerdən aralanıb, havada aşağı doğru uçmağa başladı. Uçuş çox da uzun çəkmədi
və qısa bir zaman sonra, ayağı bərk səthə toxunaraq bütün bədəni ilə yerə
düşdü. Yerə düşən kimi Eldar özündən asılı olmayaraq əlinə keçən ilk koldan
yapışaraq, özünü aşağı doğru yıxılmaqdan qorumağa çalışdı. Lakin, onu aşağı doğru çəkən qüvvə də o qədər güclü deyildi və
o, bir qədər özünə gələrək ətrafa baxdıqda, artıq təpənin
meşəyə qədər uzanan az meyli olan hissəsində olduğunu gördü. Yolun çətin hissəsi artıq
keçilərək, asan yeri qalmışdı.