Eldar hava tələb edən ciyərlərini bir neçə dəfə
hava ilə doldurduqdan sonra, ayağa qalxaraq ləng, lakin qətiyyətli addımlarla aşağı doğru addımlamağa başladı.
Ayağı altında qalan sürüşkən daş və torpaq, artıq sıx bitmiş qısa otlarla əvəz
edilmişdi və burada addımlamaq nisbətən daha rahat idi. Son addımlarını isə yenidən səbirsizlənərək qaçışla düşən Eldar, meşə tərəfindən ac köpək balığı ovunu udduğu kimi udlaaraq yox edildi.
O, günəşin uzun illər boyu düşmədiyi böyük bir ağacın altında duraraq əli ilə ona söykənib, yuxarı doğru baxırdı. Ağacın budaqları arasından görünən dikliyə baxıb, uşaq vaxtı bura qorxmadan necə qalxıb
və ən əsası da necə qorxmadan düşdüyünü başa düşməyə çalışırdı. Lakin, uşaq qorxusu ilə böyük qorxusu hər zaman fərqlidir.
Elə bunu da bir daha dərk edən Eldar, daha bir müddət uşaqlıqla, indiki günlərini müqayisə etdikdən sonra,
reallığa qayıdaraq hazırda ona ən lazım olan şeyi xatırladı. Ona hazırda ən vacib olan,
xarabalıqlar içərisində dağılmadan, şux və qürurlu qalan evlərinin qapısını
açmaq və anasını qucaqlayaraq hər şeyin yaxşı olduğunu demək idi. Bəlkə də onu
gecəni evdə keçirmədiyinə, heç bir xəbər vermədiyinə və onları nigaran
qoyduğuna görə danlayacaqdılar, amma bu qətiyyən onu narahat etmirdi. Ona lazım
olan yalnız ailəsini görmək və onları qucaqlamaq idi.
Elə bu düşüncələrlə də o, ağacların arası ilə addımlayaraq yola tərəf
istiqamət götürdü. Bir neçə addımdan sonra, ağacların arasından çıxaraq yola qədər
olan açıq otluq ərazi ilə addımlamağa davam etdi. Yol meşədən bir qədər yüksəkdə
idi və o, yol ilə meşə arasındakı ərazini keçərək yola qalxanda, gördüyü mənzərə
onu yerində donub qalmağa məcbur etdi. Yuxarıdan daha öncə görsə də, bunun içərisində
olmaq daha dəhşətli idi. Yol tərk edilmiş avtomobillərlə dolu idi. Bəziləri
ard-arda, bəziləri xaotik, bəziləri eninə, bəziləri toqquşmuş, bəziləri isə
ümumiyyətlə əks istiqamətdə duraraq, tərk edilmişdilər. Onlar səs-küylə, vıyıltı ilə, sürətlə getməli
olduqları halda, sadəcə yolun ortasında duraraq susurdular.
Eldar yerində duraraq tərk
edilmiş avtomobillərə baxır, lakin onlara yaxınlaşmağa cürət edə bilmirdi. Onların içərisində
görmək istəmədiyi bir mənzərə ilə rastlaşmaq qorxusu ona hərəkət etməyə imkan
vermirdi. Ətrafda baş verənlər onsuz da onu yetərincə qorxutmuşdu və əsəblərini
tamamilə tarıma çəkən bu hal ona nə edəcəyinə qərar verməyə mane olurdu. Bir
müddət durduğu yerdə qalaraq tərpənə bilməsə də, edəcəyi başqa bir şeyin
olmamağı onu yola davam etməyə məcbur etdi.
O, yavaş-yavaş addımlayaraq ona ən yaxın dayanan avtomobilə tərəf irəliləməyə
başladı. Lakin addımlar hər dəfə daha da çətinləşirdi. Sanki ayağına böyük bir
daş bağlanmışdı və hər addımda bu daşın üzərinə yeni bir daş qoyulurdu. Bütün
bu ağırlıqlara baxmayaraq o, qısa bir müddət sonra ona yaxın olan ilk avtomobilə
çatdı. Onun arxasında duraraq gözünü gah meşəyə, gah geriyə, gah da uzaq
önə doğru uzadaraq maşının içərisinə hər cəhdlə baxmamağa çalışırdı. Bir müddət
öncə yalnız evə çatmağı arzulayırdısa, bu dəqiqə tək arzusu yanında kiminsə
olması idi. Tək olmasaydı bəlkə də rahat şəkildə istənilən avtomobilə baxa bilərdi.
İndiki halda isə onu hər bir şey qorxudurdu. Nəhayət bir neçə dərin nəfəs
aldıqdan sonra, cəsarətini toplayaraq avtomobilin arxa şüşəsindən içəri
boylandı. Avtomobilin içərisi tamamilə boş idi və bundan rahatlanaraq yana keçib
qapını açdı. Özündən asılı olmayaraq, sürücünün oturacağına oturub, əli ilə sükandan yapışdı. Düymələrlə dolu sükana bir müddət baxaraq,
gözünü ətrafa doğru gəzdirdi. Salon tamamilə qara və qırmızı rəngli dəri işləməli
oturacaqlardan, alüminium və ağac dekorlu paneldən, və hər yerində üzərisində fərqli
işarələri olan düymələrdən ibarət idi. Bir zamanlar bu avtomobil bəlkə də onun yiyəsinin statusunu, kimliyini göstərirdisə,
hazırda bu avtomobil dağılmış şəhərin
küçələrində yiyəsiz şəkildə atılaraq tərk edilmişdi. Sahibi onu sadə, dəyərsiz bir
əşya kimi atıb getmişdi. Artıq o, digər avtomobillərdən heç bir fərqi,
heç bir statusu ilə fərqlənmirdi. Gözü önündə
canlanan bu fikirlərlə Eldarın bədəni sanki öz-özünə boşalmağa,
rahatlanmağa başladı. Bayaqdandır sıxılan, gərgin duran əzələləri yumşalaraq
onun ixtiyarından çıxırdı. Gözləri isə hər qırpımda daha çətin açılırdı və artıq bir neçə dəfədən sonra, onlar açılmayaraq, Eldarı qaranlığa bürüyərək, yuxuya apardı.
Nə qədər yatdığını bilməsə də, gözlərini açanda günəş artıq qüruba
doğru getmişdi və göy üzündəki parlaqlığını uzaqdan görünən qızartı əvəz edirdi.
Eldar gözlərini yenidən düymələrə gəzdirərək onu ortadakı radioda saxladı və nəyin baş verməsi haqqında bir məlumat
eşitmək ümidi ilə, radionun düyməsini basaraq onu işə saldı. Radiodan isə adam səsi əvəzinə, sonsuz uzaqlıqdan gələn xışıltı səsi özünü
əminliklə eşitdirməyə başladı. O, düymələri bir-bir basaraq tezlikləri dəyişsə də, yeni bir şey eşidilmədi və artıq qulaqlarında ağrı verən xışıltı səsindən
yorularaq radionu söndürüb avtomobildən düşdü.
Günəş qətiyyətlə batmağa davam edirdi və qaralan havada yol Eldara
daha da vahiməli görünməyə başlayırdı. O, bir anlıq meşəyə və düşdüyü dağa
baxaraq nə etməli olduğuna qərar verməyə çalışdı. Seçim isə o qədər də zəngin
deyildi. Ya yola davam etməli, ya mağaraya qayıtmalı, ya meşədə gecələməli, ya
da boş avtomobillərin birinin içərisinə girərək səhərin açılmasını gözləməli
idi.
Qərar vermək çox vaxt tələb etmədi və
Eldar düşdüyü maşının qapısını özü də bilmədiyi səbəbdən bağlayaraq evə gedən
yola tərəf istiqamətləndi. Növbəti avtomobil bir o qədər də uzaqda deyildi. Bu
böyük, ağ rəngli, yolun tən ortasında duran avtomobil idi. İlk addımlar bir qədər
asan atılsa da, avtomobilə yaxınlaşdıqca, onlar yenidən ağırlaşmağa başladı. O,
maşının içərisinə baxmayaraq, yanından düz keçmək istəsə də, onun başını sanki
bir nəfər düz saxlayır, başqa bir nəfər isə güclə maşına tərəf çevirməyə cəhd
edirdi. Qarşılıqlı gedən bu mübarizə ikincinin qələbəsi ilə nəticələndi və Eldar özündən asılı olmayaraq yan
şüşələrdən içəri baxdı. Bu da, bir öncəki kimi boş idi. Daxilində alışan alov səngiyərək, bədənini
sakitlik və rahatlıqla əvəz etdi. Artıq sıxılmayan və istədiyi
kimi hərəkət etdirə bildiyi başını çevirərək gedəcəyi yola baxmaq istədi ki, – Aman
ALLAH! – deyərək geri sıçradı.
Yanında durduğu avtomobilin qarşısında
onunla toqquşmuş daha bir ağ rəngli avtomobil var idi. Ən dəhşətlisi isə içərisində başı sükan üzərində
olan orta yaşlarında bir kişi var idi. Eldar onun sağ olub-olmamasını yoxlamaq
istəsə də, buna ürək edə bilmədi və o, addımlarını sürətləndirərək tərk edilmiş
avtomobillərin içərisinə baxmadan bir-bir keçməyə başladı. Atılan addımlar sürətləndikcə,
sürətlənirdi və bir neçə addımdan sonra, Eldar artıq yerişini qaçışla əvəz edərək
gözünü asfalta zilləyib, yolun sonun doğru irəliləyirdi.
Bir neçə dəqiqə dayanmadan qaçdıqdan sonra yolun sonuna çataraq
addımlarını səngidən Eldar, daha bir neçə addım da ataraq tamamilə dayandı. Yolda həmin hissədən sola yeni yol ayrılırdı və evə qədər
olan 200-300 metrlik yol da, geridə qoyduğu yol kimi tərk edilmiş avtomobillərlə
dolu idi. Təngnəfəsliyi hələ tam keçməmiş o, yenidən addımlayaraq və tezliklə
onları qaçışla əvəz edərək yenidən qaçmağa başladı. Lakin bu dəfə o, maşınların
arası ilə deyil, dağıntıların arasında qalmış dar cığırla ara küçəyə doğru
girdi. Bu cığır Qədir dayının çayxanasına gedən yol olmalı idi ki, buna da Eldar, yerdə
taxta üzərində yonulmuş “Çayxana” yazısını görəndə əmin oldu.
Eldar hazırda Qədir dayının onu ilk asdığı gün durduğu yerdə duraraq
onun - Bu andıra bilirsən nə qədər pul vermişəm? Bu gündən çayın qiymətini də
qaldırıram! – deməsini xatırlayaraq gülümsədi.
Btün bu qədər şeydən sonra hələ də gülə bilməsinə təəccüblənən Eldar,
elə üzündəki gülümsəmə ilə də çayxanadan
qalmış xarabalıqlardan ayrılıb, evə doğru irəliləməyə başladı. Evə doğru addımladıqca yol boyu onu
yalnız bir-birini əvəz edən xarabalıqlar əvəz edirdi. Eldar bəzi dağıntıları
tanıyır, bəzilərini isə tanımadan sadəcə baxaraq yoluna davam edirdi. Dağıntıları bir-bir keçərək
dayanmamağa çalışaraq o, daha bir neçə dağılmış tikilini keçdikdən sonra, nəhayət ki, bir qədər
aralıdan evlərinin damını gördü və bədəninə yüklənmiş bir enerji partlayışı ilə
evə doğru qaçmağa başladı.
Evləri əvvəllər xarici
görünüşünə görə digərlərindən o qədər də fərqlənmirdi. Onun digərlərindən olan
yeganə fərqi, bir zamanlar ətrafda olan digər iki mərtəbəli evlərdən daha
hündür olması idi ki, bu da Məcid bəyin şəxsi istəyi ilə belə tikilmişdi.