Eldar, o qədər də hündür olmayan hasarın yanı ilə addımlayaraq giriş
qapısına çatdı və onun dəstəyindən tutaraq açmaq üçün aşağı çəksə də, qapı ona
tabe olmadı. Qapı kilidli idi və o, bir müddət ətrafa boylandıqdan sonra, atlanaraq hasarın ucundan tutdu və
güclü bir təkanla hasarın başına çıxdı.
Ev içərisində qarışıq, cərgəsiz əkilmiş ağacdan ibarət olan böyük bir
həyətin tam olaraq ortasında idi. O, iki mərtəbəli, giriş qapısı ortada və qapının önündə
verandası olan bir ev idi. Qapının hər
iki tərəfində bütün divar boyu olan və yerdən birinci mərtəbənin
tavanına kimi uzanan böyük pəncərələr isə birinci mərtəbənin ön və yan tərəflərini demək olar ki, tamamilə
tuturdu. İkinci mərtəbədə isə iki eyvan və dörd
pəncərə var idi. Evin damı isə ortada olan eyvanla bəzədilmişdi.
Hasarın başında duraraq keçmiş günlərini şəkil albomu kimi səhifələyən Eldar, albomun sonuna
çataraq hasardan həyətə atlandı. Qaçmaqdan yorulmuş ayaqlarını hər zaman yaşıl və kəsilmiş olan yumşaq otların üzərinə basaraq evə doğru
addımladı. Doğulub böyüdüyü evə yaxınlaşmağına baxmayaraq, özünü hələ də təhlükəsiz
hiss etmirdi və onun daxilində, onu heç də xoş olmayan nəyinsə gözlədiyini hiss edirdi. O, qapıya
çatıb əlini dəstəkdən tutsa da, onu açmağa ürək etmədi və yenidən aşağı düşərək
pəncərəyə yaxınlaşdı. Əlini şüşəyə dayayaraq evin içərisinə baxdı. Qonaq otağı
tamamilə boş idi. Hər şey hər zaman
olduğu kimi öz yerində idi. Daha sonra mətbəxə tərəf qaçaraq yenidən şüşədən içəri
baxdı. Bura da tamamilə boş və səliqəli idi. Qapını açmağına mane olacaq heç bir şey
yox idi və o, qapıya yaxınlaşaraq dəstəyini aşağı çəkib, içəri doğru irəlilədi.
Evin birinci mərtəbəsi qapıdan içəri girdikdə solda böyük zaldan,
sağda isə onun ölçüdə olan geniş mətbəxdən ibarət idi. Evin böyük pəncərələri və
açıq rəngli divarları evə xüsusi parlaqlıq və aydınlıq qatırdı. Zal böyük olsa
da boş yer demək olar ki, çox az idi. Otağın bir küncündə divardan asılmış
böyük televizorun önündə böyük divan və iki kreslo, pəncərənin tam önündə stol
və stullar, digər küncdə isə ağ kərpiclə hörülmüş buxarı və onunda önündə duran daha iki kreslo
var idi. Buxarının yanında isə içərisi
kitablarla dolu kitab şkafı dururdu. Döşəmə
isə tamamilə açıq qəhvəyi rəngli uzun tüklü pambıq kimi yumşaq xalça ilə
döşənmişdi.
Evin içinə daxil olduğu andan sanki bütün dünya dəyişmişdi. Evin ətri
Eldara yeni bir nəfəs vermişdi və o, daxilində yaranan rahatlıq və sakitlik
hissi ilə bir neçə addım ataraq qapını arxası ilə bağladı. Boğazını bir qədər təmizləyərək – Ana! Ata! Mən gəldim! – deyərək birinci mərtəbəni
gəzdi.
Lakin ətraf tamamilə boş idi. İlk
olaraq zala daxil olaraq ətrafa baxdı. Anasının fincanı divanın önündəki kiçik
stulun üzərində, sevdiyi iki şokoladla dururdu. Biri yarıya qədər dişlənsə də,
ikincisi toxunulmadan qalmışdı. Fincanın isə demək olar ki, tamamilə dolu idi.
Daha sonra isə gözü masanın üzərindəki kağız topalarına və yıxılmış fincana sataşdı. Eldar masaya yaxınlaşaraq kağızlara
baxdı. Onlar atasının hələ keçən il ona danışdığı, şəhərin mərkəzində tikilməli olan hündür mərtəbəli
binaların eskiz layihələri idi. Yanında yıxılmış fincan isə atasına hansısa
Avropada şəhərlərindən birində keçirilən tədbirdə hədiyyə edilmiş fincan idi.
Yıxılmış fincanın içərisindəki çay stola və oradan da axaraq eskizlərin üzərinə
keçərək, onlarda böyük çay ləkəsi yaratmışdı.
Gözünü masadan ayıran Eldar, tez geri qaçaraq mətbəxə və oranın da
boş olduğuna əmin olduqdan sonra yuxarı qalxan pilləkənlərlə ikinci mərtəbəyə
doğru qaçdı.
İkinci mərtəbə birinci mərtəbədən fərqli
olaraq otaq sayının çoxluğu ilə fərqlənirdi. Ev uzunu boyu uzanan koridorun bir tərəfində iki hamam qapısı, digər tərəfində isə iki yataq otağı və iki əlavə qonaqlar üçün olan
otağın qapıları var idi.
Pilləkənlərin sonuna çatan kimi Eldar, düşünmədən sağa dönərək anası və
atasının yataq otağına girdi. Otaq tamamilə boş, təmiz və səliqəli idi. Qeyri
adiliyi xatırladan heç bir şey yox idi və o, tez otaqdan çıxaraq koridor boyu
olan bütün qapıları açaraq yoxladı. Lakin, koridorun digər başında olan öz otağına kimi olan
bütün otaqlarda o, nə anasını, nə də atasını tapa bilmədi və son qalan öz otağının qapısının dəstəyindən yapışıb, onu əyərək araladı.
Eldarın otağı evin yeganə otağı idi ki,
buranın quruluşuna anası qarışmamışdı. Otaqda olan hər şey Eldarın istədiyi
kimi düzülmüşdü. Otağa girən kimi solda divara asılmış böyük televizor, ondan sonra evin küncündə
yazı masası, onunla üzbəüz küncdə paltar şkafı, şkafın yanında, televizorla üzbəüz duran dəri divan və
divanın yanında divar boyu qapıya tərəf uzanan yataq var idi. Otağın ortası isə tamamilə boş idi.
O, içəri girərək otağın ortasında bir
anlıq dayanaraq ətrafa baxdı. Hər şey, son dəfə qoyub getdiyi kimi öz yerində
idi. Otağın başına tərəf gedərək yazı masasının üzərindəki şəkli götürərək anasına,
atasına və onların arasında xoşbəxt gülən balaca uşağa baxdı. Həmin uşaq özü
olsa da, bir daha belə ürəkdən, belə qayğısız gülə biləcəyinə inanmırdı. Həyat
deyəsən onu ən çətin əzabla sınayırdı. Sevdiyi anası, atası yox olmuşdu və
onların bu xarabalıqlar arasında hara gedə biləcəkləri haqqında ən kiçik olsun
belə fikri yox idi. Nə sevdiyi insanlar var idi, nə də sevdiyi şəhər. O, Şəkli
bağrına basaraq otağın əks küncünə doğru addımlayaraq yatağına uzanıb, ayaqlarını
uzatdı. Şəkli bağrından ayırmayaraq gözlərini isə boşluğa uzatdı. Bu cansız əşyanı
qucaqlamaq hal hazırda ona yaxın və əziz olan iki nəfərlə yaxın olmağın yeganə
yolu idi. Bəzən insanların daxilini isidən canlıdan çox, məhz səthi soyuq olan əşyalar olur ki,
hazırda Eldar da məhz bunu yaşayırdı.
Yatağına uzanan Eldarın bədəni səhraya
atılmış buz kimi əriyirdi. Əlləri, ayaqları, bədəni yumşalırdı. Sanki bütün bədəni
əriyərək mayeyə çevrilirdi. Ətrafa müqaviməti göstərə bilmirdi. Beyni durub
anasını, atasını axtarmağını tələb etsə də, bədəni buna etiraz edərək əzələlərini
getdikcə daha da yumşaldırdı. Göz qapaqları da artıq ona qulaq asmırdı və yenidən ağırlaşaraq tamamilə bağlandı.